Şamil Əliyevin “Çölçü” filmi “Golden Fox Award” baş mükafatını qazanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamil Əliyevin “Çölçü” filmi “Golden Fox Award” baş mükafatını qazanıb – FOTO

12:44 - 14 / 12 / 2017
Şamil Əliyevin “Çölçü” filmi “Golden Fox Award” baş mükafatını qazanıb – FOTO

Tanınmış kinorejissor Şamil Əliyevin “Çölçü” filmi Kəlküttə Beynəlxalq Kult Filmlər Festivalının (Calcutta Internaional Cult Film Festival) “Qızıl Tülkü” (Golden Fox Award) baş mükafatını qazanıb.

1news.az-ın məlumatına görə, mükafatın təqdimetmə mərasimi bu il dekabrın 5-6-da baş tutub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında 2012-ci ildə istehsal olunan “Çölçü” bədii filmi 5 qitəni əhatə edərək 33 beynəlxalq kino festivalında iştirak edib, bir sıra mükafatlara layiq görülüb.

Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna və Estoniya daxildir.

“Çölçü” filmi 4 dəfə “Ən yaxşı film” kimi baş mükafatlara, 3 dəfə “Ən yaxşı rejissor işinə” görə, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə” jürinin xüsusi diplom və mükafatına, “Humay” milli mükafatına layiq görülüb.

“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

1news.az

Paylaş:
1657

Son xəbərlər

Bütün xəbərlər