"Haşdi Şabi"nin komandiri: “İŞİD-ə qoşulan ailələrin bir çoxunu kürdlər pulla öz dövlətlərinə satır”
“Haşdi Şabi”ni 2014-cü ildə burada Tazəhurmatıda təsis etmişik. Turkman birliyi gücünün əsas qərərgahı burdadır”.
İraqa səfərim çərçivəsində görüşdüyüm “Haşdi Şabi” turkman birliyinin komandiri Zəki Muradlı belə deyir.
İŞİD terror qruplaşmasının İraq ərazisindən çıxarılmasında “Haşdi Şabi”nin əhəmiyyətli rolu olub. Məhz bu silahlı birləşmənin yaradılmasından sonra İŞİD-lə mübarizə güclənib. “Haşdi Şabi” sıralarında həm ərəb, həm türkman gücləri birləşib.
Z.Muradlı deyir ki, ömrü mübarizələrdə keçib, Səddam dövründə barəsində edam hökmü çıxarılıb:
- 1991-ci ildə Səddama qarşı bir üsyan oldu, onda da bu kənddə idik və həmin üsyanın başında idim. Səddam onda bitirdi, amma Amerika İrana görə Səddamı dəstəklədi, ayaqda tutdu. Bundan sonra mənə və bir sıra digər silahdaşlarıma qarşı edam hökmü çıxarıldı, məcbur olub İraqı gizli şəkildə tərk etdik. Əvvəl İrana, daha sonra Türkiyə və Suriyaya getdim. 2003-cü ildə Səddamdan sonra İraqa qayıtdım. 1991-2003-cü illərdə ölkə xaricində olsaq da, çalışmalarımız davam edb, turkman gücləri ilə birgə Səddama qarşı mübarizə aparmışıq.
"İŞİD ortaya atılmış bir fikirdir və heç zaman bitməz"
-Terrorla mübarizədə, ərazilərin İŞİD-dən azad olunmasında İraq ordusu uğurlar əldə etdiyi halda, “Haşdi Şabi”nin yaranma zərurəti necə ortaya çıxdı?
- İŞİD-in İraq torpaqlarının bir qismində necə, hansı yolla yerləşdiyini siz də bilirsiniz. Onlar ABŞ və və bir sıra digər güclərin yaratdığı terror şəbəkəsidir. Məqsəd də bəllidir: İslam dünyasında terror əsdirərək dövlətləri parçalayıb-zəiflətmək, bəzi dövlətlərin maraqlarına uyğun olaraq Yaxın Şərqdə yeni xəritə cızmaqdır. Gördünüz, birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edən ABŞ sonunda öz gizli planlarını üzə çıxardı.
Komandir İŞİD-in sıralarında azərbaycanlıların da olduğundan danışır və buna təəssüfünü bildirir:
- İŞİD tərkibində 36 dövlətin vətəndaşları var... Çox təəssüf edirəm ki, bu qaniçən terror yığınında iraqlılar da var, iran azərbaycanlılar da, türklər də, ərəblər də... Ən dəhşətlisi isə budur ki, belinə bomba bağlayıb, özünü partladanların əksəriyyəti fələstinli uşaqlardır. Amma yenə də, Allaha şükürlər olsun ki, öhdəsindən gəldik, qələbə əldə edə bildik, ölkəmizin, millətimizin asayişini bərpa edə bildik.
Bu qanlı mübarizədə çox az sayda dövlət İraqa dəstək verib. Demək olar ki, bütün qələbələri xalqımız öz canı-qanı bahasına qazanıb. Allah başımızın üstündən əskik etməsin, ayətullah Seyid Əli Sistani 2014-cü ildə Nəcəfdəki qərargahında İŞİD-ə və onun himayədarlarına qarşı cihad elan etdi və bundan sonra “Haşdi Şabi”nin formalaşdırılmasına başlanıldı. Məhz onun fətvasından sonra İraqda yeddidən yetmiş yeddiyə hər hər kəs əlindəki-evindəki silahına sarılıb, gecə-gündüz, isti-soyuq bilmədən düşmənlə mübarizəyə ruhlandı.
“Haşdi Şabi”dəki turkman gücü ilk gündən indiyədək torpaqlarımızın və millətimizin azadlığı uğrunda 206 şəhid verib, yüzlərlə yaralı olub.
Tək bununla da qurtarmayıb, İŞİD terrorçuları tərəfindən yüzlərlə turkman evi yandırılıb, məktəblər, xəstəxanalar dağıdılıb, sosial-məişət obyektləri bombalanaraq havaya uçurulub, yollar, əkin sahələri minalanaraq, partladılıb. Kəndimizə kimyəvi silahla atəş açdılar, nəticədə üç azyaşlı uşaq şəhid oldu, dörd yüzdən artıq günahsız sakin yaralandı ki, onların arasında uşaqlar, qadınlar, qocalar daha çox idi. Buna baxmayaraq, gördüyünüz bu kiçik turkman kəndinin sakinləri ev-eşiklərini qoyub qaçmadılar. Hər kəs ölümün qarşısında qorxmadan, mətanətlə dayandı. Bu bir qaydadır ki, kimin gücü var, hamı tərəfindən sevilir, hörmət görür. Biz də güc formalaşdırdıqdan sonra gördüyünüz bu kənddən başlayaraq irəlilədik və şöhrətimizi şücaətimiz sayəsində bütün İraqa yaydıq. Hər kəs ölümü gözə aldı. Bu torpaqlar şəhidlərimizin qanı bahasına bu gün azad olunub.
- Bəs “Haşdi-Şabi” də turkman gücünün rolu nə dərəcədədir?
- “Haşdi Şabi”də turkman gücü böyük təsirə malikdir. Biz “Haşdi Şabi”də turkman gücünü bu kənddə təsis etdik. 1920-ci ildən bu yana, çox təssüflər ki, turkmanın dövlətdə heç bir rolu olmayıb və ya buna imkan verilməyib. Turkmana həmişə istər Bağdadda, istərsə də Şimali İraqda yuxarıdan aşağı baxılıb, onu sadəcə etnik qrup olaraq görüblər. Səddamın dövründə ziyalı turkmanlar hər zaman təqibə məruz qalıb, ya həbsxanalara salınıblar, ya da edam ediliblər. Səddam devriləndə düşündük ki, vəziyyət yaxşılaşacaq. Amma acı həqiqətdir ki, onun yerinə gələn yeni hökumət də turkmanlara əvvəlki münasibəti göstərdi. Bizi Türkiyəyə, İrana, nə bilim Amerikaya, Azərbaycana işləməkdə günahlandırıb, şübhəylə baxdılar. Nəticədə də İraqı vəhdət olaraq görmədilər, birləşdirə bilmədilər. Təəssüf ki, dövlətini millətini sevməyən bəzi siyasətçilər İraqı bu yerə gətirdi, milləti parçalayıb, ona böyük zərər verdilər. Bu vəziyyət 2013-cü ilədək davam etdi və Allaha şükür ki, “Haşdi Şabi”nin yaranışından sonra turkmanın böyük silahlı gücü oldu. Bilirsinz ki, istənilən yerdə silahın, gücün varsa, hər kəs səni sayacaq, rəğbət bəsləyəcək. Biz də Allaha şükür bu kənddən silahlı gücü başlatdıq və İraqın hər yerində turkman gücü savaşdı, qan tökdü, ölkəmizin torpaq bütövlüyünə, bərabərliyinə, bayrağına sahib oldu. Özümüzü bir güc olaraq isbatladıq.
- Müharibə hansı faciələri, ağrı-acını gətirir bunu hamımız bilirik. Amma maraqlıdır, sizin üçün daha ağır döyüşlər hansı ərazidə olub?
- Bura yaxın məsafədə Bəşir kəndi var, onu qurtarmaq üçün xeyli vaxt və güc sərf elədik.
İŞİD həmin kəndə 2014-cü ildə girdi. Çox sayda şəhidimiz oldu, insanlarımız yaralandı. Yerli camaatdan da çox sayda şəhid olanı, girov aparılanı var. Evlər yandırıldı, kənd demək olar ki, tamamilə dağıdılmışdı. Amma şükür ki, sonda qəsəbəni azad elədik. İŞİD-dən sonra bu gün insanlar tədricən ev-eşiklərinə qayıtmaqdadırlar. Turkman gücünü bu gün hər kəs etiraf edir. İstər dövlət, istər beynəlxalq aləmdə bu güclə səsimizi hər kəsə duyura bilirik. Bu torpağ üçün hər zaman vuruşacağıq.
- Bayaq qeyd etdiniz ki, İŞİD-in sıralarında azərbaycanlılar da var. İŞİD-ə qoşulmuş hər hansı bir azərbaycanlını sağ ələ keçirib, sorğu sual etmisiniz?
- İŞİD sıralarında döyüşən diri və ya ölü azərbaycanlı rastımıza çıxmayıb. Amma İŞİD-in içində öz adamlarımız da vardı, onlar bizə məlumatlar ötürürdülər ki, burda filan millətlərin nümayəndələri var, filan ölkədən gələnlər var və s. Təlafər bölgəsində sırf turkmanlar yaşadığı üçün Türkiyə və Azərbaycandan gəlib, İŞİD-ə qoşulanlar məhz o tərəflərdə yerləşmişdilər. Amma təəssüf ki, diri ələ keçirib sorğu sual etmək imkanımız olmayıb. Bütün hallarda təəssüflənirik ki, nəyinsə xatirinə İŞİD-ə qoşulub bizə - öz millətinin insanlarına və müsəlmanlara güllə atdılar. Düşünürəm ki, onları faciəvi sonluqla bitən bu yanlış yola çəkənlər var. Onların çoxu cihad, cənnət, şahədət deyə aldadıldılar. İradəsi zəif insanlardır, seçib gətiriblər, şirnikləndiriblər, hətta aldadıblar. Gördülər ki, bu bir ssenardir, yalan filmdir. Və bu da sonu...
- Yeri gəlmişkən, Azərbaycandan İŞİD-ə qatılmaq üçün gələnlər özləri ilə ailə-uşaqlarını da gətirmişdilər. Ərazilər azad olunarkən, həmin ailələrdən – qadın və uşaqlardan kimisə ələ keçirmisiniz?
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb"
- Bayaq dediyim kimi, onlar əsasən Təlafər bölgəsində məskunlaşmışdılar. Amma antiterror əməliyyatları başlayan kimi, tutulanların bir hissəsi xüsusi mühafizə altında Bağdada göndərilib, qalan iki yüz ailə isə kürdlər tərəfindən Kürdüstana aparılıb. Bunların arasında əlbəttə, azərbaycanlılar da çox olub. Kürdlər onları bizə qarşı istifadə edir. Bir qismini isə pulla öz dövlətlərinə satıblar.
-Hazırda ən çox terror təhlükəsi olan ərazi haradır?
–Bu oturduğumuz ərazi ən təhlükəli ərazilərdən biridir. Amma indi İŞİD-in üzərinə biz gedirik. Bir neçə gün əvvəl bura yaxın ərazidəki quyudan 8 nəfər çıxardıq. Özlərini partlatdılar. İŞİD-in quyuları burada çoxdur. Onların yerini müəyyən edib partladırıq. İndi vəziyyət də əvvəlki kimi deyil, İŞİD-çilərin öz ailə üzvləri onların olduğu yer barədə bizə məlumat verirlər.
Komandir deyir ki, diri olaraq çox İŞİD yaraqlısını əsir götürüblər, dindirib-danışdırıb, sonra da dövlətə təslim ediblər.
-Dindirilmə zamanı hamısı peşiman olduqlarını bildiriblər. Ağlayıb, göz yaşı tökür, birmənalı şəkildə peşman olduqlarını deyirlər. Hansından soruşuruq, deyir ki, aldadıblar, yalan söyləyiblər, nə bilim, nəsə vəd ediblər. Bağışlanmalarını istəyirlər, deyirlər ki, sizin kimi insanlara güllə atdığımız üçün peşimanıq, bizi yalana inandırdılar. Amma bir qismi pul üçün gəlib. Dövlət özü baxacaq ki, onların fərdi olaraq günahı nədir, cinayətlərinin miqyası nə dərəcədədir.
- Sirr deyilsə, “Haşdi-Şabi”də turkman silahlı birliyində neçə döyüşçünüz var?
- Belə cavab verim: İraqda türkmən əhalinin ümumi sayı üç milyondan çoxdur. “Haşdi Şabi”nin də ölkə üzrə silahlı qüvvələrinin sayı 150 min nəfərdir ki, bunun da 15 mindən artığı turkmanlardır. Bunlar könüllü deyil, dövlətdə rəsmi maaşı olan insanlardır. Amma təəssüf edirəm ki, 15 mindən artıq turkman gücü “Haşdi Şabi”də bir komandanlıqda birləşməyib. Onlara istər Mosulda, istər Təlafərdə, istər Bəşirdə, istər Tuzhurmatuda, Əmirlidə– ölkənin hər yerindəki “Haşdi Şabi” qüvvələrinin tərkibində rast gələ bilərsiniz. Təkcə Mosulda 2 minlik turkman döyüşçü var, ancaq onlar turkman gücü sayılmır. Yəni bir qismi “Haşdi Şabi”də, bir qismi “Bədr döyüşçüləri” sırasında və s. xidmət edir. Konkret turkman gücü hesab olunan hissə bizim rəhbərlik etdiyimiz qüvvədir ki, siz onun baş qərargahında qonaqsınız. Bu qərargah isə Kərkük, Amirli və Tuzhurmatunu əhatə edir. Bu gün komandanlığımızda xidmət keçən turkman gücü beş minədək döyüşçüdən ibarətdir. Bundan iki dəfə çox sayda turkman isə bayaq dediyim kimi, “Haşdi Şabi”nin digər bölgələrdəki bölmələrində xidmətdədir.
- “Haşdi Şabi”yə silah-sursat, eləcə də maliyyə-texniki yardım hardan gəlir?
- Dövlətdən, Bağdaddan. Başqa kimsə bizə yardım etmir və qarışa da bilməz.
- Nəzərə alsaq ki, İŞİD məhv edilib, bundan sonra sizin missiyanız necə olacaq? Məsələn, bəzi dövlətlər, o cümlədən Fransa “Haşdi Şabi”nin buraxılmalı olduğunu deyir...
- “Haşdi Şabi” olaraq nə özümüz özümüzü buraxmağı düşünürük, nə də ki, dövlət. Hesab edirəm ki, bizə İraqın çox ehtiyacı olacaq bundan sonra da. “Haşdi Şabi” silahlı dəstə yox, dövlətə bağlı olan rəsmi silahlı qüvvədir və ölkənin daxili təhlükəsizliyinin, ərazi bütövlüyünün keşiyindədir. Deyirsiniz İŞİD məhv edilib, xeyr, sadəcə bu terror yığnağının nəzarətindəki ərazilər geri alınıb, amma ayrı-ayrı İŞİD terrorçuları hələ də var. Bəli savaş yoxdur, amma İŞİD bir fikirdir və o fikir də bitməz. bu gün İŞİD bitdi, sabah başqa bir adla ortaya nəsə çıxacaq, biz də savaşmalı olacağıq. Onlar müxtəlif yerlərdə gizlənirlər, qəfil hardasa terror aktı törədirlər. Ona görə də hesab edirəm ki, İraq və onun ordusu var olduqca "Haşdi Şabi" də olacaq. Çünki bu gün İraqın dövlət ordusu ilə “Haşdi Şabi” bir-birindən ayrılmayan vəhdətə çevriliblər. İraq ordusu necə varsa, “Haşdi Şabi” də var. İraq ordusnun harda “Haşdi Şabi”yə ehtiyacı varsa, biz orda olacağıq. Qısası, bizi yalnız mənəvi rəhbərimiz olan hörmətli Sistani buraxa bilər”.
- Siz də qeyd etdiyiniz kimi terror təhlükəsi qalmaqdadır. Məsələn, Bağdad-Kərkük magistralında bir neçə neft daşıyan tanker-maşının yandırıldığını gördük. Dedilər İŞİD-çilər gecə saatında hücum edib, yandırıblar. Siz bu cür hallarla da mübarizə aparırsınız, yoxsa bu İraq polisinin funksiyasına aiddir?
- Yox, niyə ki, bizim işimiz həmin halların qarşısını almaqdır. Bir neçə gün əvvəl hadisə baş vermişdi, döyüşçülər göndərdik, bir İŞİD terrorçusunu da gətirmişdilər. Bundan əvvəl də səkkizini ölü ələ keçirmişdik. Məlumat gəlir ki, hardasa İŞİD var, biz kəndlərə çıxırıq. Daim təhlükəsizliyi nəzarətdə saxlayırıq.
- İŞİD məhv edilsə də, məlumatlara görə, kürd silahlı dəstələri eyni cür terror hücumları həyata keçirir. Bu barədə nə deyərsiniz?
- Kürdlər hər zaman bizimlə birlikdə dövlətə xidmət ediblər. Amma bu gün Məsud Bərzaninin yanlış siyasəti kürdlər arasında radikallığı gücləndirib. Dövlətdən ayrılmaq istədilər. Amma deməzdim ki, onlar hamısı eyni cür düşünür, dörd-beş hissəyə parçalanıblar. Təəssüf ki, böyük bir hissə kürd Bərzaninin tərəfində dayandı. Hansı ki, onlar bu gün İŞİD-lə əməkdaşlıq etməkdədir.
ABŞ və və digərləri İŞİD-i dəstəkləməkdən vaz keçdilər, ona görə də pərən-pərən düşən terrorçular Kürdüstana qaçaraq peşmərgənin nəzarətinə sığınıblar. Bizdəki məlumata görə, onların sayı beş mindən çoxdur. Bunlar da əsasən əslən iraqlı olan İŞİD-çilərdir. Onlar demək olar ki, Bərzaninin qarşısında qul kimi, nə deyilsə yerinə yetirəcək vəziyyətdədirlər. Bu gün Kərkükdə və digər yerlərdə terror törətmək üçün kürdlər məhz həmin İŞİD-çilərdən istifadə eləməkdədir. Terror davam edəcək, amma çox sayda yox. Hər gün hərbçilər çıxıb 4-5 nəfəri öldürürlər”.
P.S. “Haşdi Şabi”nin komandiri yazılmasını istəmədiyi bəzi maraqlı faktlar da açıqlayır. Vədimə əməl edib yazmıram, Dağlıq Qarabağ münaqişəsi barədə əlavə məlumatlar almaq üçün suallar verir. Ən böyük arzusunun Azərbaycana gəlmək olduğunu deyir. Qışda gəlsə, Şahdağa getməyi məsləhət görürəm, zarafatla “illərdir dağlardayam, istirahəti də dağda, daşda keçirmək istəmirəm, yaxşısı budur yaz-yay aylarında gəlim" deyir.
Qərərgahın həyətində üstü çadırla örtülmüş yer diqqətimi çəkir. Deyir ki, İŞİD-in məhv edilmiş silahlarıdır: "İlk dəfədir sizə göstərib, fotosunu çəkməyə icazə verirəm. Hələ ki, saxlayıram, gələcəkdə ola bilsin ki, muzey yaradıb, orda sərgilədik…
Pərvanə Sultanova
Bakı-Bağdad-Kərkük-Bakı