Medvedev: Rusiya ilə Azərbaycanı bağlayan dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında sizin daimi diqqətiniz var
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Rusiya ilə Azərbaycanı bağlayan dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin daimi diqqətinizi qeyd etmək istərdim. Şəxsən Sizin köməyinizlə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.
Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
S.Xankişiyeva