Naftalanda mərmi aşkarlanıb - FOTO

Yanvarın 22-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan naməlum əşya aşkarlanıb. Həmin əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tapılmış naməlum əşyanın ətrafında 800 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Agentlik tərəfindən yanvarın 1–dən 22-dək Ağdam, Ağstafa, Tərtər, Qazax, Naftalan və Lənkəran rayonlarında üç ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, bir otlaq sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib. On partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 7640 kvadratmetr ərazi yoxlanılıb.
1news.az