Frankofoniya həftələri: "Mənə bir loqo çək!" müsabiqəsini elan edir

Frankofoniya həftələrinin 2018-ci il (1-14 aprel) buraxılışı münasibətilə, Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə səfirlikləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu, Azərbaycanda Frankofoniya həftələri loqosunun vizual tərtibatı üzrə müsabiqə keçirir.
1news.az –a Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu münasibətlə 7 fevral tarixində Azərbaycan Fransız İnstitutunda baş tutacaq mətbuat konfransı zamanı müsabiqəyə start veriləcək.
İştirak etməyi arzu edənlər, təkliflərini [email protected] elektron ünvanına fevralın 25-nə qədər göndərməlidirlər. Loqo Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır və Bakı Frankofoniya həftələrinin bütün xəbər məzmunlu vasitələrində istifadə ediləcək.
Beynəlxalq Frankofoniya təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin səfirlikləri, Frankofoniya 2017 həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunub. Hazırkı 2018-ci il buraxılışın təşkil olunmasında 10-a yaxın qurum iştirak edir.
Beynəlxalq Frankofoniya təşkilatına 84 dövlət və hökümət daxildir, onlardan 58-i üzv, 26-ı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir.
P.Sultanova