Avrokomissar: “Cənub Qaz Dəhlizi” Avropa üçun mənbələrin şaxələndirilməsində əsas rol oynayacaq
Cənub Qaz Dəhlizi Avropa üçun mənbələrin şaxələndirilməsi baxımından əsas rol oynayacaq.
1news.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının enerji və iqlim dəyişikliyi üzrə komissarı Miguel Arias Cañete deyib.
Avrokomissar Avropaya qaz tədarükündə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulayıb, layihənin mənbələrin şaxələndirilməsində əsas rol oynayacağını qeyd edib.
“Təbii qaz Aİ üçün əhəmiyyətli bir enerji mənbəyi olaraq qalır. Qitədə qaz hasilatı azalır. 2040-cı ildə Avropa İttifaqının qaz idxalına asılılığı hazırkı 70 faizlə müqayisədə 83 faizə yüksələcək”, - deyə Miguel Arias Cañete bildirib.
Qeyd edək ki, 40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. Cənub Qaz Dəhlizi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” layihəsi Türkiyə və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Cənub Qaz Dəhlizinin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.
2018-ci ildə Azərbaycanın Cənub Qaz Dəhlizinə təqribən 1,3 milyard ABŞ dolları həcmində vəsait ayırması proqnozlaşdırılır. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP layihəsinə 728 milyon dollar və TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Cənub Qaz Dəhlizi layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitdən bu ilin əvvəlinədək 8,7 milyard dollarlıq hissəsi, yəni 76 faizi investisiya edilib. 2017-ci ildə isə Cənub Qaz Dəhlizi layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.
1news.az