Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan ötən il 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.
“Ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib. Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”, - deyə nazir bildirib.
H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq:
“Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.
S.Xankişiyeva