“Neftçi”də yeni təyinat
“Neftçi” klubunda yeni təyinat olub.
1news.az-ın məlumatına görə, “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.
1997/1998 mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda altı qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşin Sazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da çıxış edib.
O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir.
U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, bir qol vurub. 38 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.
Qeyd edək ki, “Sumqayıt”ın prezidenti Kamran Quliyevin “Neftçi”də analoji vəzifəyə təyin olunmasından sonra Ceyhun Sultanovun da bu kluba gətiriləcəyi gözlənilirdi.
1news.az