Tərtər Olimpiya İdman Kompleksinin təməli qoyulub – FOTO
Fevralın 28-də Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub.
1news.az-ın məlumatına görə, təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildirən nazir Azad Rəhimov hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini qeyd edib.
“Bu gün Azərbaycanda növbəti - 44-cü Olimpiya İdman Kompleksinin təməli qoyulur. Bu il ölkəmizdə daha iki - Lənkəran və Beyləqan Olimpiya İdman kompleksləri istifadəyə veriləcək. Cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır.
Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış dörd hektar ərazidə inşa ediləcək Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir.
2019-cu ildə istifadəyə veriləcək idman infrastrukturunda 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, 174 tamaşaçı yerlik, uzunluğu 24, eni 12 metr üzgücülük hovuzu, 152 tamaşaçı yerlik güləş, boks və trenajor zalları inşa ediləcək.
Burada, həmçinin 54 çarpayılıq, 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqların inşası nəzərdə tutulub.
Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdırılıb.
Kompleksin ərazisində min tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları da inşa ediləcək.
Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.
1news.az