Tokio-2020-nin rəmzləri məlum oldu
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanları məlum olub.
1news.az-ın məlumatına görə, səsvermənin yekunu canlı efirdə açıqlanıb.
Olimpiadanın rəmzi Tokio Oyunlarının emblemindəki naxışı xatırladan göy-ağ dama-dama geyimində məxluqdur. Onun xarakterində qədimliyi və müasirliyi birləşdirmək, həmçinin köhnəyə hörmət etmək və təkrarlamaq, yeniyə can atmaq kimi ştrixlər güclüdür.
Varlığın adı yay aylarında açıqlanacaq.
Paralimpiya Oyunlarının rəmzi isə ağ-çəhrayı dama-dama məxluqdur. Onun başında sakura ləçəkləri var. Dizaynerin fikrincə, məxluq məhz “sakuradan olan bu anten” vasitəsilə fövqəltəbii xüsusiyyətə malikdir.
Qeyd edək ki, 2017-ci ilin dekabrında yarışın Təşkilat Komitəsi 3 cüt talismanın adlarını açıqlamışdı. Onların şəkilləri Yaponiya məktəblərinə göndərilib və uşaqların səsverməsi ilə müəyyənləşib. Birinci yerin sahibi 109 mindən çox səs yığıb. Bu da ümumi səslərin yarısından çoxudu.
1news.az