İraq türkmanlarının lideri: “Özümüzü Azərbaycanın bir parçası olaraq görürük” | 1news.az | Xəbərlər
Müsahibə

İraq türkmanlarının lideri: “Özümüzü Azərbaycanın bir parçası olaraq görürük”

11:50 - 28 / 02 / 2018
İraq türkmanlarının lideri: “Özümüzü Azərbaycanın bir parçası olaraq görürük”

İraq türkmanlarının lideri, Türkməneli Partiyasının sədri,  sabiq millət vəkili Riyaz Sarıkahya Azərbaycana səfər edib. Səfər zamanı R.Sarıkahya Bakıda bir sıra partiyaların rəhbərləri, QHT nümayəndələri ilə görüşüb, əməkdaşlıq imkanlarını müzakirə edib. R.Sarıkahya həm də bu il İraqda keçiriləcək parlament seçkilərində namizəd olaraq türkman partiyalarının vahid siyahısında  yer alıb.

R.Sarıkahya Bakı təəssüratları,  İraqda bir neçə ay sonra baş tutacaq parlament seçkilərinə hazrlıqla bağlı fikirlərini 1news.az-la bölüşüb:

- Azərbaycanın türkmanların qəlbində çox önəmli bir yeri var. Çünki türkmanlar azərbaycanlılarla eyni dildə danışan, eyni mədəniyyəti bölüşən insanlardır. Bizim inanclarımız, adətlərimiz,  mədəniyyətimiz, dilimiz eynidir. Ona görə də özümüzü Azərbaycanın bir parçası olaraq görürük. Uzun illər idi ki, Azərbaycana gəlmək istəyirdim. Ancaq bilirsiniz ki, Səddam dönəmi, sonra Amerikanın İraqdakı türkmanlar əleyhinə fəaliyyəti, kürd partiyaları, İŞİD imkan vermədi ki, Kərkükdən kənara çıxıb xaricə gedək. Səddam dövründən sonra ölkədən kənara ilk çıxdığım yer məhz Azərbaycandır.

Burada öz soydaşlarımızla bir araya gəlməkdən çox şad oldum, fərqli hissslər yaşadım. Bir sıra siyasətçilərlə görüşdüm, sanki illərdir ki, bir-birimizi tanıyırıq. Bizim düşüncəmiz eynidir, çox böyük oxşarlıqlar gördüm. Böyük türk dünyasının bir parçasıyıq. Hər iki tərəfdə Türkiyəyə böyük sevgi var. Hər iki tərəfin düşüncəsi sülhə, sevgiyə, barışa köklənib. Mən düzü, bu qədərini gözləmirdim. Çox gözəl, dəyərli insanlarınız var. Biz illərlə İraqda terrorla qarşı-qarşıya qaldıq,  insanlarımız böyük savaşın içində oldular. İraq insanı duyğu baxımından bir az daha sərt oldu, toplum olaraq da bir-birinə və başqalarına qarşı da sərtdir. Azərbaycanda isə bunun əksini gördüm. Bu, ölkənin gələcəyi üçün çox önəmlidir. Mədəniyyətə, elmə, sənətə önəm verilməlidir. Azərbaycanda bütün bunları görmək məni çox sevindirdi. Əlbəttə, hər ölkənin, o cümlədən Azərbaycanın, Amerkanın, Türkiyənin, Rusiyanın da problemləri, çətinlikləri var.  Və bu, normaldır. Azərbaycan bu problemləri siyasi yolla həll edir və bu, daha yaxşı bir yoldur. Azərbaycanın gələcəyinin çox parlaq olacağına inanıram.

Bakı olduqca gözəl şəhərdir. Öz gözəlliyinə görə, Avropa şəhərlərini belə üstələyir. Buna sevindik, qürur duyduq. Azərbaycanlı qardşlarımız başqa millətlərə qarşı çox mehribandır. Bu, da önəmlidir. Azərbaycana Allah bütün gözəllikləri verib. Əlverişli coğrafi mövqeyi, yeraltı, yürüstü sərvətləri var. Bütün bunlar isə Azərbaycan insanının daha zəngin yaşamasına gətirib çıxaracaq. Türk millətinin güclü olmasının insanlığa da faydası var. İnsanlığı sülh, barış gətirir. Çox arzu edirik ki, gələcəkdə türk birliyini görək, türk dövlətləri bir birlik altında olsun. Avropa İttifaqı kimi. Türk dövlətlərinin vətəndaşları bir-birlərinə rahat gedib-gələ bilsinlər, problemləri həll etsinlər. Bu, çox vacibdir. Çünki illərlə türk milləti arasında divarlar çəkildi, bu da insanlarımızı yadlaşdırdı. Ortaq bir dilin olması vacibdir. Məsələn, ərəblər də fərqli danışır, tunislini heç başa düşə bilməzsən, iraqlı da fərqli ləhcədə danışır. Amma siyasətçilər vahid bir ləhcə ilə danışır və hamısı bir- birini başa düşür. Qazaxıstanlı niyə özbəkistanlı ilə rusca danışsın. Türk insanı, aydınları arasında dialoq aparmaq üçün vahid türk ləhcəsini öyrənməlidirlər.

Azərbaycanlı gəncin hədəfi daha böyük olmalı, daha böyük düşünməlidir. Buranı ziyarət etmək məni daha da ümidləndirdi. Fərqli bir Azərbaycan gördüm. Əhali az, ərazi kiçik olsa da, beyinlər, düşüncələr, ruhlar daha böyükdür.

Hesab edirəm ki, Azərbaycanın İraqla əlaqələri hər iki ölkənin inkişafı üçün daha güclü olmalıdır. İraq vətəndaşları dincəlmək, gəzmək üçün Türkiyəyə və Azərbaycana gəlir. Çünki ərəb ölkələrinin çoxu iraqlılara qapılarını bağlayıb. Misirə, İordaniya gedə bilmirik. Amma bir iraqlı Türkiyəyə və Azərbaycana rahat gedir, bu, çox önəmlidir. Vizalar aradan qalxarsa, daha yaxşı olar və hər iki ölkənin mənafeyinə cavab verər. Mən azərbaycanlı qardaşlarımızdan çox ümüdlüyəm, əlaqələrimizin daha da inkişaf edəcəyinə inanıram.

-Bakıda nə kimi görüşlər keçirdiniz və nəticələr sizi qane etdi?

-Biz Azərbaycandakı partiyalarla tanış olmağı çoxdan istəyirdik, indi nəsib oldu. Azərbaycan Liberal Demokratik Partiyası(ALDP) ilə əməkdaşlıq haqqında müqavilə imzaladıq. İki partiya bir- birinin təcrübəsindən istifadə edib, fayda görə biləcək. Bu, həm də xalqlarımızın mənafeyinə xidmət edir.Bəzi problemləri müzakirə etdik. ALDP sədri Fuad Əliyevdən başqa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşlər oldu.

Professor Qəzənfər Paşayevlə də görüşdük. Şahidi olduq  ki, partiyaların hamısının məqsədi Azərbaycan xalqına xidmət etməkdir. Siyasəti yaxşı bilən xalqlar, insanlar qazanır, pulu çox olan yox. Bəzi Körfəz ölkələrinin çox pulu var, amma siyasəti yaxşı bilmədikləri üçün siyasəti yaxşı bilən avropalılar onlardan istifadə edirlər. Partiyalar xalqı, dövləti tanıtmaqda bir körpüdür. İraqda 6 türkman partiyası var, onlar da zaman- zaman Bakıya gələr və burdakı partiyaları da dəvət edərik.

İraq səfirini də ziyarət etdik, o da iki ölkənin əlaqələrinin güclü olmasını istəyir. Biz də bunu arzu edirik. Bu işdə türkmanların üzərinə böyük vəzifə düşür. Çünki həm dilimiz eynidir, həm də türkmanlar sevə -sevə bu işə öz töhfələrini verərlər.

-Riyaz bəy, Şəhidlər xiyabanını, Xocalı abidəsini də ziyarət etmisiniz. Bu günlərdə Azərbaycanda Xocalı soyqırımının növbəti ildönümü anılır. Türkmanlar bu tarixlərlə bağlı nə kimi məlumata sahibdirlər?

-Azərbaycanın dərdi Kərkükdəki, Təlafərdəki türkmanların dərdidir, bizim də dərdimiz sizin dərdinizdir. Biz son illər Kərküdə Xocalını anma mərasimləri təşkil edirik. Düşmənlərin, o cümlədən ermənilərin  hər zaman bizim topraqlarımızı işğal etmək planı olub.

Ermənlər tarix boyu bu düşüncədə olub. Onlar işğal siyasətdən imtina etməlidirlər. Azərbaycanlı qardaşlarla sülh içində yaşamaq üçün işğal etdikləri torpaqlardan çəkilməlidirlər. Ermənilər sonsuza qədər bu siyasəti davam etdirə bilməyəcəklər, ədalət öz yerini tapacaq.

Biz Azərbaycanın yaşadığı bu faciələrlə bağlı o illər qəzetlərdə görüb, oxuyub  çox mütəssər olmuşduq. Gedib ziyarət edəndə də çox mütəssər olduq. Şəhidlər müqəddəsdirlər, Allah Azərbaycan bir də belə günlər yaşatmasın.

-İki ay sonra İraqda parlament seşkiləri keçiriləcək. Türkmanlar bu seçkilərdən nə gözləyir?

-Seçkilər İraqda yeni bir mədəniyyətdir. Səddam zamanı seçkilər olmayıb. İraqda partiyalarla bağlı da sıxıntı var, yəni partiyalar çox rəngli deyil. Sadəcə ərəb, kürd türkman, sünni ərəb və s. İraqda insanların seçkilərə inamı yoxdur. Seçim düşüncəsi bizim üçün ərəblərdən fərqlidir. Biz seçkilərdə çox yaxşı iştirak etməliyik. Çünki türkmanın milli haqları var. Seçkilərə qatılanda milli haqlarının bir çoxunu əldə edib, qoruya bilirlər. Amma ərəbin milli haqqı deyilən bir şey yoxdur, bu, sadəcə proqramdır. Ərəbin milli haqqı dövlətidir, xalqın çoxu ərəbdir, ona görə əldə edəcəyi bir milli haqqı yoxdur. Amma türkmanların əldə edəcəyi çox milli haqqı var. Biz Mosulda, Kərkükdə, Tuzhurmatıda, Bağdadda seçkilərə qatılacağıq. Türkmanların çox olduğu yerlərdə seçkilərdə iştirak edəcəyik. Ənbarda, Nəcəfdə, Kərbalada qatılmayacağıq. Türkmanlar seçkilərə Kərkük Türkman Cəbhəsi siyahısı ilə gedir. Siyahıdan kənar da qoşulanlar var, onlara da uğurlar arzu edirik. İraq konstitusiyası kağız üzərində türkmanlara gözəl haqlar verib, amma realda yoxdur. İraq parlamentində 330 millət vəkili var, onun 10 nəfəri türkmandır və bu,  çox azdır. İraqda üç milyon türkman yaşayır, deputatların sayı ən azı 40 nəfər olmalıdır. Türkman millət vəkili gərək çox çalışsın, çünki biz həm də milli haqlarımız üçün mübarizə aparmalıyıq. Mən deputat seçilsəm, Bağdadda xidmətimi davam etdirəcəm, seçilməsəm, partiya başqanı kimi Kərkükdə millətimə, xalqıma, türk dünyasına xidmətimi davam edəcəm.

-Buiki seçkilərdə neçə türkman millət vəkili seçilə bilər?

-Biz 15 nəfərin seçilə biləcəyini gözləyirik, amma dediyim kimi 40 olmalıdır. Təlafərdən İŞİD-ə görə qaçanlar geri dönmədilər, onlar Türkiyədə,  İraqın başqa şəhərlərində yaşayırlar, bu da nəticələrə təsir göstərəcək. Çünki başqa yerlərdə çadırlarda yaşayıb, seçkilərə qatılmaq mümkün deyil. Seçimə qatılmaq üçün elektron kart çıxarmaq lazımdır ki, bu da asan bir proses deyil. İraq yorğun bir dövlətdir,  düzəni pozulub. İŞİD-dən qaçan təlafərlilərin üçdə bir  geri döndü, qalanları yox. Ərazidə elektriki, infrastruktur, su yoxdiur,  təhlükəsizlik təmin edilməyib, ona görə gedənlər qayıtmaq istəmir. Üçdə birinin dönəcəyini gözləmirik. Çünki onlar həm ölkədən kənarda, həm digər şəhərlərdə yaşayırlar. Uşaqları məktəbdə oxuyur, özlərinə bir iş qurublar, yəni geri qayıtmaları gözlənilən deyil. Heç olmasa üçdə ikisinin qayıtması vacibdir. Biz bunu gözləyirik.

Pərvanə Sultanova

 

 

Paylaş:
1127

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər