MFL-də 20-ci tur: “Astara FK” liderliyini möhkəmləndirdi, “Sirena Motors” birinci pilləyə qalxdı
Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-də 20-ci turun oyunları keçirilib.
1news.az xəbər verir ki, qrup mərhələsinin başa çatmasına nə qədər az oyun qalırsa, komandaların mübarizəsini izləmək bir o qədər maraqlı olur. Turnir cədvəlində vəziyyət elədir ki, hər keçən turdan sonra komandaların mövqeyində dəyişikliyi müşahidə etmək mümkündür.
A Konferensiyasında 20-ci tur maraqlı qarşıdurmalarla əlamətdar oldu. Xüsusilə, iki ən məhsuldar oyun turnir cədvəlində qüvvələr əmsalını dəyişdi. “Sirena Motors” “Peçat Dönər”ə, “Baku Eagles” isə “Baku Union”a 6:3 hesabı ilə qalib gəldilər. “Underdog” isə “Baku Blancos”la xalları yarı böldü – 1:1. Cavab turunda “Avantaj”a 5:3 hesabı ilə qalib gələn “İKAU” yavaş-yavaş, lakin inamla liderlərə yaxınlaşmaqdadır.
Keçən turdakı qalibiyyətdən sonra “Sirena Motors” A Konferensiyasında liderliyə yüksəldi. Lakin 39 xalı olan komandanın liderliyi elə də möhkəm deyil. Belə ki, 36 xalla üçüncü sırada qərarlaşan “VİP FK” iki oyun az keçirib. Turnir cədvəlinin ortalarında ilk onluqda yer almağa can atan komandalar arasında da kəskin mübarizə gedir.
İlk beşlikdə yer alan komandaların izləyicilərindən xeyli aralandığı B Konferensiyasında da ciddi mübarizənin getdiyi müşahidə olunur. Hesabat turunda “Astara FK” əsas izləyicilərindən olan “Poseidon”a qalib gələ bildi (2:1). Eyni zamanda “Beerbaşa” “Yoga Baku” ilə görüşdə iki xal itirdi (2:2).
Hesabat turunun nəticələri “Astara FK”ya izləyicilərindən bir qədər də aralanmağa imkan verdi.
A Konferensiyasının bombardirlər siyahısında daha kəskin mübarizə müşahidə edilir. “VİP FK”nın oyunçusu Yadullanın hesabında 64 qol var. “İKAU”da çıxış edən ötən mövsümün bombardiri Elvin Əlizadə ondan cəmi bir top geri qalır.
Bu uşaqlar artıq A Konferensiyasının ən yaxşı tandemləri siyahısında da mübarizə aparırlar.
“VİP FK” ən yaxşı assistentlərin yarışında da dominantlıq etməkdə davam edir.
B Konferensiyasının bombardirlər siyahısında isə dəyişiklik baş verib. “Poseidon”un futbolçusu Mehdixan uzun müddət burada liderliyi əlində saxlasa da, 20-ci turdan sonra “Beerbaşa”nın oyunçusu Eyyub Əfəndiyev onu qabaqlamağı bacardı.
O həm də həmklubu İlhamla B Konferensiyasının ən yaxşı tandemini təşkil edir.
Ən yaxşı assistentlərin siyahısında isə hər hansı bir dəyişiklik baş verməyib. Konferensiyanın ən yaxşı assistenti əvvəlki kimi “Sabunçu”nun futbolçusu Mehdidir.
21-ci turun oyunları 8-9 mart tarixlərində keçiriləcək. Turun mərkəzi görüşü A Konferensiyasının lideri “VİP FK” ilə digər favorit “Xəzər FK” arasında baş tutacaq qarşılaşma ola bilər. B Konferensiyasında isə iki lider – “Beerbaşa” və “Juventus Baku” üz-üzə gələcək.
Teymur Maksutov