Fuad Muradov: Bugünkü turnir gəncliyin və sağlamlığın çox vacib hissəsidir
Bugünkü turnir gəncliyin və sağlamlığın çox vacib hissəsidir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin final matçından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib: "Bu turnir Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunub. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planını təsdiq etmişdi. Bugünkü tədbir də gənclərin, sağlamlığın, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin çox vacib bir hissəsi idi”.
Ukrayna millisi ilə iki il əvvəl də qarşılaşdıqlarını deyən Fuad Muradov bildirib ki, indi ukraynalı deputatlar da yaxşı formadadırlar. “Bugünkü oyun olduqca ağır keçdi. Bu, bizim üçün sadəcə bir yarış idi. Bizə dəstək olmaq üçün stadiona çoxlu sayda gənc azarkeş gəlmişdi. Hamımız qələbə üçün birlikdə olduq və bu turnirin maraqlı keçməsi üçün əlimizdən gələn hər şeyi etdik”, - deyə deputat əlavə edib.
S.Xankişiyeva