Yeniyetmə güləşçi qızlar Avropa çempionatına yollandı – HEYƏT
Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Yarışda hər 3 güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, çempionatın proqramına əsasən, 14-16 mayda sərbəst, 16-18 mayda isə yeniyetmə qızlar mübarizə aparacaq. Yunan-Roma güləşçiləri isə mayın 18-20-də xalça üzərinə çıxacaq.
Bu gün isə yeniyetmə qızlardan ibarət yığmamızın üzvləri Makedoniyaya yola düşüb. Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında 6 güləşçimiz çempionatda iştirak edəcək. Heyətdə Şahanə Nəzərova (43 kq), Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnurə Məmmədova (57 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb.
Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.
Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.
1news.az