Cüdoçular federasiya rəhbərinin kabinetini mismarladı
Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb ediblər və tətilə başlayıblar.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, cüdoçular Kevxişvili kabinetində olmadığı zaman onun kreslosunu zibilliyə atıblar, qapısına isə mismar vurublar.
“Kevxişvilinin Gürcüstanda cüdonun inkişafına mənfi təsir edən fəaliyyətinə görə onun istefasını tələb edirik.
Təəssüf ki, müvafiq dövlət qurumları heç bir reaksiya göstərməyiblər. Biz lazımi nəticə əldə olunmayanadək etirazımızı davam etdirəcəyik”, - Gürcüstan yığmasının kapitanı Varlam Liparteliani deyib.
Cüdoçular federasiya prezidentini cüdonun inkişafı, eləcə də, iri turnirlərdə qələbə qazanmış idmançılara mükafat üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham ediblər.
İdmançıların sözlərinə görə, funksioner təcrübəli məşqçiləri işdən azad edib və onların yerinə öz dostlarını gətirib.
Kevxişvili bəyan edib ki, istefa vermək niyyətində deyil və idmançıların təzyiqlərinə uymayacaq.
Aprel ayında Gürcüstanın cüdo yığması 9-cu dəfə komanda hesabında Avropa çempionu olub.
1news.az