Ramos və ailəsini ölümlə hədələyirlər
Futbol üzrə Çempionlar Liqasının finalında İngiltərənin “Liverpul” komandasının və Misir yığmasının hücumçusu Məhəmməd Salahın zədələnməsinə səbəb olan Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramosu və onun ailə üzvlərini ölümlə hədələyirlər.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, Ramosla mübarizədə Məhəmməd Salahın çiyin oynağının bağları zədələnib və o, mayın 26-da Kiyevdə keçirilən final oyununun 31-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub. Nəticədə İngiltərə klubu rəqibinə 1:3 hesabı ilə uduzub.
Ramosun həmin epizoddakı hərəkəti mətbuatda və sosial şəbəkələrdə qəzəb dalğası yaradıb. Qahirədə minə yaxın azarkeş İspaniya səfirliyinin qarşısında aksiya keçirib. Hadisədən sonra Ramos və ailəsi ölümlə təhdid edilməyə başlayıb və nəticədə futbolçu və yaxınları telefon nömrələrini dəyişməyə məcbur olub.
Salahi zədələdiyinə görə Ramosu cəzalandırması üçün FIFA və UEFA-ya tələbin yer aldığı petisiyanı gün ərzində 300 mindən çox insan imzalayıb. Həmçinin misirli vəkil Bassem Vahba ispaniyalı müdafiəçiyə qarşı 1 milyard avro həcmində iddia qaldırıb.
S.Xankişiyeva