Millimiz Qazaxıstan yığmasına qarşı
Bu gün futbol üzrə Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
1news.az-ın məlumatına görə, Astana şəhərindəki “Astana Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 20:00) başlayacaq.
Qurban Qurbanovun baş məşqçisi olan yığmamız 2018-ci ildə ilk səfər sınağına çıxacaq. Hesabında 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət olan komanda son iki görüşdə uduzmayıb.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Aleksandr Tyan olacaq. Ona yan xətt hakimləri Andrey Bodyan və Viktor Mardari kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Dmitri Muntyan yerinə yetirəcək.
Komandalar indiyədək doqquz dəfə qarşılaşıb. Bu görüşlərin ikisində Azərbaycan, üçündə Qazaxıstan millisi qalib gəlib, dörd oyun heç-heçə başa çatıb.
Azərbaycan millisi sonuncu yoldaşlıq görüşündə Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasını üç cavabsız qolla məğlub edib.
Yoldaşlıq görüşü
5 iyun
Qazaxıstan – Azərbaycan
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Saat 18:00, Astana. “Astana Arena”
1news.az