Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
1news.az