Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb

21:50 - 16 / 07 / 2018
Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb

Prezident İlham Əliyev yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir: 

“İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun genişləndirilməsi, infrastrukturların yenidən qurulması, qanunvericilik bazasının möhkəmləndirilməsi, həyata keçirilən digər irimiqyaslı tədbirlər və islahatlar ölkənin dayanıqlı, dinamik inkişafına, quruculuq işlərinin geniş vüsət almasına zəmin yaratmışdır.

Milli iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsi, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əsas hədəf və prioritetlər kimi nəzərdə tutulmuşdur.

Bununla belə, təcrübə göstərir ki, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir. Yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur.

Qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir;

2.2. Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər hesabına formalaşdırılır.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. icra orqanının yaradılması, səlahiyyətlərinin müəyyənləşdirilməsi və həmin səlahiyyətlərə vaxtından əvvəl xitam verilməsi;

3.1.3. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. Agentliyin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.6. dövlət qeydiyyatına alındığı gündən üç ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görsün;

4.7. Agentliyin nizamnamə fondunun formalaşdırılması məqsədilə, Agentlik publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaitinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan müvafiq əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

4.8. yerin təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi mexanizminin səmərəliliyinin yüksəldilməsi və dövlət nəzarətinin gücləndirilməsi, yerin təkindən istifadə ilə bağlı rəqabəti və şəffaflığı təmin edən vahid informasiya resursunun yaradılması məqsədilə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.9. yerin təkindən istifadə qaydalarının pozulmasına görə məsuliyyətə dair “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddəaların təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası qanunlarının layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.10. Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin sosial müdafiəsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutan qanunvericilik aktlarının layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.11. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”də müsabiqə və hərracın keçirilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.12. yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair dövlət proqramının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.13. Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativləri iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

4.14. yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının yeni siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

4.15. beynəlxalq təcrübə nəzərə alınmaqla, faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının təsnifatını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.16. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

5.1. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

5.2. istismarda olan faydalı qazıntı yataqlarının və qalıq ehtiyatlarının qiymətləndirilməsini yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə altı ay müddətində təmin etsin;

5.3. Azərbaycan Respublikasının ərazisindəki faydalı qazıntıların növlərini əks etdirən xəritələrin elektron və kağız daşıyıcılarda hazırlanmasını, müasir texniki vasitələrin köməyi ilə monitorinqlər aparmaqla mütəmadi yenilənməsini və Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin;

5.4. yer təki istifadəçilərinin ətraf mühitin mühafizəsinə və təhlükəsizliyinə, yerin təkindən istifadə müddətlərinə əməl etmələrinə nəzarət olunmasına imkan verən elektron qeydiyyat və nəzarət sistemi yaratsın, bu sistemdə qanuni əsaslarla istifadəyə və icarəyə verilmiş faydalı qazıntılar yerləşən torpaqlar, onların istifadəçiləri və icarəçiləri barədə məlumatların əks olunmasını, həmin sistemin torpaqların elektron kadastr uçotu informasiya sisteminə inteqrasiyasını təmin etsin;

5.5. elektron qeydiyyat və nəzarət sistemində mövcud olan yer təki istifadəçiləri, onların hasil etdikləri faydalı qazıntılar barədə məlumatları aidiyyəti dövlət orqanlarının elektron formada əldə etmələri üçün imkan yaratsın;

5.6. hər il müsabiqə və hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hazırlayıb Nazirliyin rəsmi internet saytında yerləşdirsin, yerin təkinin istifadəyə verilməsini azad rəqabət mühitində təmin etsin;

5.7. yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində mütəmadi maarifləndirmə və təbliğat işləri aparsın;

5.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki:

6.1. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etsinlər;

6.2. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla faydalı qazıntıların çıxarılması ilə məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun vəziyyətə gətirilməsi, yerin təkindən istifadə ətraf mühitə, insanların həyat və sağlamlığına, bina və qurğulara, infrastruktura, strateji obyektlərə təhlükə yaratdığı hallarda, belə istifadənin təhlükə tam aradan qaldırılanadək dayandırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbir görsünlər;

6.3. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, yerin təkindən istifadə nəticəsində yerin təkinə, ətraf mühitə, təbii landşafta, özgənin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsinin, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının və zəruri hallarda torpaqların rekultivasiyasının təmin edilməsi, habelə rekultivasiya olunmuş torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya kateqoriyasının dəyişdirilməsi ilə bağlı tədbir görsünlər.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi hər il növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına tələbatı barədə proqnoz məlumatlarını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki:

8.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Agentliyin dövlət qeydiyyatı ilə bağlı tədbir görsün;

8.2. yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etsin;

8.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirsin.

9. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki:

9.1. yerin təkindən istifadə üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılmasını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alındıqdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yerquruluşu işlərini apardıqdan sonra, magistral boru kəmərlərinin, avtomobil və dəmir yollarının, körpülərin mühafizə zonalarını nəzərə almaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada həll etsinlər;

9.2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş əsaslar olduqda, faydalı qazıntıların çıxarılması məqsədilə yer təki istifadəçilərinə ayırdıqları torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq xitam verilməsi üçün tədbir görsünlər.

10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə ildə bir dəfə məlumat versinlər.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

12. Müəyyən edilsin ki, bu Fərman energetika ilə bağlı yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsinə şamil olunmur”.

President.az

Paylaş:
2011

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər