Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib  – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib  – FOTO – YENİLƏNİB

15:50 - 19 / 07 / 2018
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib  – FOTO – YENİLƏNİB

İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.

Dövlət başçıları biznes forumda çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Dünən keçirdiyimiz görüşlərdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur.

Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardıq, - ən yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.

Bu imkanlardan, əlbəttə ki, biznes dairələri də istifadə etməlidirlər və edirlər. Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.

Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.

İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.

Əlbəttə ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq, bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.

Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.

Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim.

Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası – bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri – TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır.

Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.

Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq.

Bununla paralel olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq.

Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir.

Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər.

Cənab Prezident, mən Sizə bir daha təşəkkürümü bildirirəm ki, Siz Azərbaycana səfər etmisiniz, bizə böyük şərəf vermisiniz. Dünən Sumqayıtda polipropilen zavodunun açılışının iştirak etmisiniz. Bu gün də bizimlə bərabər iş adamlarına öz sözünüzü deyəcəksiniz. Sağ olun.

İtaliya Prezidenti Sercio Mattarellanın çıxışı

-Cənab Prezident.

Cənab nazirlər, hökumət nümayəndələri, səlahiyyətli şəxslər, hörmətli iş adamları.

Prezident İlham Əliyevə dostluq münasibətləri ilə bağlı dediyi gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Həmçinin ətraflı məlumata görə təşəkkür edirəm.

Belə bir vaxtda Azərbaycana rəsmi səfərimin təşkil olunması bizim üçün çox önəmlidir. Çünki ölkələrimiz arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var. Lakin biz bu əlaqələri xüsusən də iqtisadi sahədə və digər sahələrdə məsələn, siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək istəyirik.

Bu günlərdə Prezident İlham Əliyevlə keçirdiyimiz görüşlər zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin müsbət və daimi inkişafının şahidi olduq. İkitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb. Bundan başqa, mən Bakı şəhərinin memarlıq baxımından inkişafından, müasir və qədim tikililərin gözəlliyindən təsirləndim. Bizim hazırda olduğumuz və Prezident Heydər Əliyevin adını daşıyan bu möhtəşəm bina buna bariz nümunədir. Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada marağa səbəb olub.

Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər.

Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq.

Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. Prezident İlham Əliyevlə dünənki rəsmi danışıqlardan sonra imzalanan bəzi sənədlər məhz bu sahəyə yönəlib. Milan Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında akademik əlaqələr çərçivəsində Bakıda İtaliya-Azərbaycan dizayn mərkəzinin yaradılması digər sahələrdə də olmasını arzuladığımız ikitərəfli əməkdaşlıq modelidir. Biz istərdik ki, bu modeldən digər əməkdaşlıq çərçivəsində də istifadə olunsun.

Bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur. Mən bir daha kiçik və orta tipli müəssisələrin fəaliyyətini, onların Azərbaycana cəlb olunmasını xüsusi vurğulamaq istərdim. Ümid edirəm ki, dünən gün ərzində təşkil edilən görüşlər bu məqsədə müəyyən forma və dəqiqlik verə bildi. Çünki iqtisadiyyatlarımız arasında artan qarşılıqlı münasibətlər ikitərəfli iqtisadi əlaqələrin proqressiv balanslaşdırılması ilə bərabər şəkildə inkişaf etməlidir. 2017-ci ildə İtaliya ikitərəfli mübadilə və böyük miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli töhfə verib. Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Bütün bunlar hörmətə layiq nəticələrdir və xüsusilə də bu ölkədə çox qiymətləndirilən italyan ixracı sahəsində geniş inkişafı əks etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə gətirməyə kömək edir. Burada İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və hazırda iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər. Dünənki görüşlərdə bu arzuya müəyyən bir forma verilərək konkret olaraq səmərəli sahələr müzakirə edildi.

Enerji, ətraf mühitin qorunması sahələrində yenidən dəyərləndirmə ilə bağlı layihələrə maraq göstərildi. Paris sazişləri ilə vurğulanan çoxtərəfli çərçivədə daha təmiz enerjilərə keçidi asanlaşdıraraq birlikdə Planetimiz üçün daha çox şey edə bilərik və etməliyik. Azərbaycan kimi xammalla zəngin olan ölkə üçün bu, sənaye dinamizmi və texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir. Bilirəm ki, Azərbaycan hökuməti iqtisadiyyatının şaxələndirilməsi və ölkənin müxtəlif regionlarının inkişafı üçün prioritet sahə olan kənd təsərrüfatına çox böyük önəm verir. Bu, mənim fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır.

Çıxışımı yekunlaşdırmamışdan əvvəl logistika, nəqliyyat və infrastruktur sahələrini xatırlatmaq istəyirəm. Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir. Belə ki, ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq.

Cənab Prezident, bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşma ilə baxmalıyıq. Bizim müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə Avropa İttifaqı arasında olan əməkdaşlıqdan irəli gələn imkanlardan istifadə edərək dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə yönəldir. Məhz ötən günlərdə tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqların yekunlaşması ilə əhəmiyyətli irəliləyiş qeydə alındı. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir. Mən xoş sözlərinizə görə Sizə bir daha təşəkkür edirəm.

10.53

İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Prezidentlər biznes forumda çıxış etdilər.

S.Xankişiyeva

 

Paylaş:
873

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər