Prezident İlham Əliyev Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
Prezident İlham Əliyev avqustun 21-də “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az