İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub – FOTO – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
1news.az xəbər verir ki, məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.
10:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısına təhsil ocağında görülən işlər barədə məlumat verildi.
S.Xankişiyeva