FİFA-dan inqilabi qərar: uduzan da xal qazanacaq
FIFA futbolda inqilabi qərar qəbul etməyə hazırlaşır.
1news.az-ın Fanat.az-a istinadən verdiyi xəbərə görə, ali futbol qurumu 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının qrup matçlarında heç-heçə qaydasını ləğv edəcək. 90 dəqiqəsi bərabərliklə bitən qarşılaşmalardan sonra bir başa penali seriası keçiriləcək və qalib müəyyənləşdiriləcək.
Həmişə olduğu kimi "DÇ-2022"nin də 32 komandanın iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Amma "The Sun"un iddiasına görə, FIFA prezidenti Canni İnfantino Dünya çempionatının 48 komanda ilə keçirilməsini istəyir. O, Qətəri razı salıb 48 komandanın iştirakını təmin edə bilsə, bu halda heç-heçə qaydası da ləğv ediləcək. Penalti seriyasının qalibinə 2, məlub tərəfə isə 1 xal veriləcək. 90 dəqiqə ərzində qalib gələn komandalar isə həmişəki kimi 3 xalı aktivinə yazacaq.
Heç-heçə qaydasının ləğv edilmə səbəbi isə iki komandanın son turda "sülh" bağlayaraq növbəti mərhələyə vəsiqə qazanmasının qarşısını almaqdı. Belə ki, "DÇ-2018"də Fransa və Danimarkanın heç-heçə edərək qrupdan çıxması, İngiltərə və Belçika matçının formal xarakter daşıması, Seneqalın "fair-play" qaydalarına görə qrupda qalması geniş müzakirələrə səbəb olmuşdu.
Qeyd edək ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə keçirəcəyi Dünya çempionatında 48 komanda iştirak edəcək.
1news.az