İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib - FOTO
Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edərək ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışdı. Bildirdi ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində demək olar bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb. Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verdi.
1news.az