Politoloq: İlham Əliyevlə Paşinyan arasında birbaşa əlaqə tənzimlənmədə yeni vəziyyət yarada bilər

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında birbaşa əlaqə yaradılacaq. Əlaqə qoşunların təmas xəttində və dövlət sərhədində insidentlərin aradan qaldırılması və atəşkəs rejiminin möhkəmləndirilməsinə kömək edəcək.
“Cəld əlaqə” mexanizmi Ermənistan baş nazirinin zənginə Azərbaycan Prezidentinin yarım saat ərzində cavab verməsini, eləcə də əksini nəzərdə tutur. Bunlar barədə məlumat verən N.Paşinyan Ermənistan Silahlı Qüvvələrinin bu razılaşmaya 100 faiz əməl edəcəyinə əmindir. Amma Azərbaycanın əməl etməsinə isə şübhəsi var. N.Paşinyanın İ.Əliyevlə bağlı təəssüratı da kifayət qədər diqqət çəkir: O, mənə sivil və savadlı adam təsiri bağışladı. Maraq burasındadır ki, İ.Əliyev və N.Paşinyan tamam fərqli mühitlərdə böyümüş, təhsil almış şəxslərdir. N.Paşinyanın hətta ali təhsili yoxdur.
N.Paşinyanla İ.Əliyev arasında bu razılaşma Düşənbədə MDB sammiti zamanı əldə olundu. Bu razılaşma barədə həmsədrlərə məlumat vermək nəzərdə tutulub. Razılaşmanın əldə olunmasında 3 faktor ciddi rol oynadı:
ı. Azərbaycanın apardığı siyasət. Ermənilərin necə təbliğat aparmasından, Azərbaycan barədə nə demələrindən asılı olmayaraq Azərbaycan Prezidentinin apardığı siyasətin ermənilərin təhtəlşüurunda kök saldığı sübut olundu.
ıı. N.Paşinyan BMT BA-da iştirakı zamanı faktiki izolyasiya vəziyyətində idi. BMT Baş Katibi A.Quttereşlə görüşün protokol xarakterini nəzərə alsaq (Quttereş bu tədbirdə ev sahibi idi) N.Paşinyan yalnız 2 normal görüş keçirdi. Bunlar Kipr və Ruanda prezidentləri ilə olan görüşlərdir. Hətta ona digər liderlər şelfi etdirməyə imkan vermədilər. Trampın ənənəvi ziyafətində onunla əl tutub görüşməsinə baxmayaraq N.Paşinyan bunu Trampla söhbət kimi təqdim edə bilmədi. Görünür, ABŞ tərəfi qadağan edib. Belə izolyasiya N.Paşinyanın davranışına uzun müddət təsir edəcəkdir.
ııı. Sammit zamanı N.Paşinyanın V.Putinlə görüşdüyü bəllidir. Videosüjetdə V.Putinin jestlərindən “get ona yaxınlaş, ikiniz yanaşı gedəndə sözünü de. İ.Əliyev sənə cavab verəcəkdir” fikri başa düşülür. Xüsusilə V.Putinin barmaq cütləməsi çox şeyi deyir. Bu hal özü V.Putinin bu razılaşmanın əldə olunmasın da həlledici rolunu nümayiş etdirir.
Razılaşmanın siyasi tutumu daha əhəmiyyətlidir:
ı. N.Paşinyanın Dağlıq Qarabağı tərəf kimi danışıqlara qoşması istiqamətindəki cəhdləri baş tutmadı. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılacaqdır.
ıı. N.Paşinyan bu razılaşmadan 2 gün öncə BMT BA müstəvisində Azərbaycanın ünvanına səsləndirdiyi böhtanı belə özü də bu razılaşması ilə təkzib etdi.
ııı. Həmsədrlərə məlumat verməklə dövlət sərhədində və qoşunların təmas xəttində etimad tədbirlərini yaratdıqlarını bəyan edirlər. Bununla da həmsədrlərin qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmi və Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı gördüyü işlər lüzumsuz olur. Həmsədrlər cəld və qərəzsiz işləməlidir. Əks-təqdirdə həmsədrlərin digər hazırlıqları da eynilə bu qaydada kənara atılacaqdır.
ıv. N.Paşinyanın V.Putinlə görüşüb, Yerevana qayıtdıqdan sonra “parlament seçkiləri bu ilin sonunadək keçirilməlidir” tezisini dövriyyəyə buraxması da Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli ola bilər. V.Putin N.Paşinyana ilin sonunadək özünü seçdirmək şansı verib.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq