İşğalçı dövlətin "sülh nağılı"

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan Rusiyadan olan bir qrup qadının qanunsuz olaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfərini təşkil edib. “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində həyta keçirilən bu qanunsuz əməl sülh prosesini pozmağa yönəlmiş bir cəhddir.
Səfərdə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova da daxil olmaqla, bu ölkənin siyasət adamları, ziyalılar, jurnalistlər iştirak edib. Görünür Rusiya Dumasında təmsil olunan Zatulin və Jurova kimilər Azərbaycan və Rusiya arasında əlaqələrin hərtərəfli inkişafından narahatlıq keçirirlər və uğursuz formada erməni lobbi dairələrinin təsiri altında bu əlaqələrin inkişafına xələl yetirməyə çalışırlar.
Sülhməramlılıq gözəl sözlər və cazibədar şüarlar deyil. Sülhdən danışılan zaman ilk növbədə qarşı tərəfin duyğuları, acıları, maraqları və hüquqları nəzərə alınmalıdır. Kimlərsə sülhməramlılıq pərdəsi arxasında gizlənərək Azərbaycan ərazilərinin işğalının davam etdirilməsini hədəfləyirsə, çox ciddi şəkildə yanılırlar.
Sülhməramlılıq fəaliyyəti qeyri-peşəkarcasına özfəaliyyət formasında həyata keçirildiyi təqdirdə, ümumi prosesə mənfi təsir göstərir və vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin möhkəmləndirilməsi ilə əlaqədar müəyyən məsələlər müzakirə edildiyi bir vaxtda belə bir addımın atılması münaqişənin danışıqlar yolu ilə həllinə xidmət etmir. Əksinə mənfi informasiya mühiti yaradır.
Hamı çox yaxşı bilir ki, Ermənistan-Azərbaycan münaqişəsindən ən çox əziyyət çəkən tərəf Azərbaycan Respublikasıdır. 25 ildən artıq bir müddətdə Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Sülhyaratma fəaliyyəti ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyi izah edilməlidir.
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, müvafiq qanunlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan XİN-in bununla bağlı açıqlamasında deyilir ki, ölkəmizin qanunlarını ciddi pozaraq işğal edilmiş ərazilərə qanunsuz səfər edən əcnəbi vətəndaşlarla bağlı hazırda məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir.
Mövzu ilə bağlı danışan millət vəkili Elman Məmmədov 1news.az-a deyib ki, Xocalı kimi kimi soyqırımı törədənlər, bir milyondan çox azərbaycanlını doğma yurd yuvasından didərgin salanlar, xalqımızın 30 mindən çox övladını şəhid edənlər indi özlərini sülhməramlı, sülhsevər kimi göstərməyə çalışırlar. Baş nazir Nikol Paşinyan bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı da sülhdən danışdı: “Bu insanlar sadəcə görüntü xatirinə özlərini sülhməramlı kimi göstərirlər. Bütün dünyaya sülh nağılı danışırlar. Ancaq artıq onların nağıllarına heç kimin inanmadığının fərqində deyillər. Demək, mənim torpaqlarımı işğal etmisən, xalqıma, millətimə qarşı soyqırım törətmisən, bir milyondan çox insan köçkün və məcburi qaçqın vəziyyətindədir, bu gün sən işğal olunmuş torpaqlarda ağlına gələn bütün hərəkətləri edirsən. Bu hərəkətlər isə eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu cür hərəkətlərdən sonra necə deyə bilərlər ki, sülh tərəfdarlarıdırlar, sülh istəyirlər?! Bu, mümkün deyil axı. Gərək əməldə də hansısa addımı atasan. Ancaq əməldə hansı addımı atırlar, hər şey açıq-aydındır”.
Millət vəkili deyib ki, Paşinyanın həyat yoldaşının Qarabağa qanunsuz olaraq gətirdiyi Rusiya vətəndaşlarının hadisələr barədə məlumatlı olmalarına əmindir: “Mən inamıram ki, onlar nə baş verdiyini bilməsinlər. Əlbəttə ki, bilirlər, lakin onları həvəsləndirib gətiiblər. Çox güman ki, həvəsləndirmə metodları var və bundan məharətlə istifadə ediblər. Yoxsa bu adamlar qanunsuz səfər etmələrinin fərqindədirlər. Digər tərəfdən, niyə o qadınlardan heç biri Hakopyandan soruşmadı ki, dayandığımız bu torpaq nə vaxtdan sizin olub, bu cür addımlarla siz necə sülh istəyə bilərsiniz?
Əgər sülhdən danışırsansa, işğal etdiyin torpaqlardan geri çəkil. Bizim 1988-ci ilə qədər mövcud olan torpaqlaımız, sərhədlərimiz bərpa olunsun, qayıdaq öz doğma yurd yuvamıza, ondan sonra sülh haqqında danışaq. Amma işğalçı olub, soyqırım törədib, üstəgəl yalançı sühhdən danışmaq üçün gərək son dərəcədə həyasız olasan. Bundan artıq ola bilməz”.
E.Məmmədov hesab edir ki, rəsmi Moskva bu cür səfərlərin qarşısını almaq üçün müəyyən addımar ata bilər: “Qarabağa qanunsuz səfər etmiş şəxslər sıradan olan insanlar deyil, hərəsi bir ictimai təşkilatı, hətta Rusiya Dumasını da təmsil edən var. Rusiya parlamentinin üzvü Konstantin Zatulin də bilirsiniz ki, ermənilərin sifarişi ilə Azərbaycana qarşı şər böhtan, kampaniyası aparır. O da sıradan bir şəxs deyil, Rusya Dumasıda vəzifə tutut. Rusiyanın rəsmi dairələri onlara müəyyən xəbərdarlıq etməlidirər. Əlbəttə ki, Zatulin, həmin qadınlar Rusiya ilə münasibətlərimizə kölgə sala bilməzlər. Hazırda iki ölkənin münasibətləri çox yüksək səviyyədədir, inkişaf edir və daha da yaxşı olacaq. Ancaq bu münasibətləri pozmaq istəyən müəyyən addımlar atılır ki, bu, qanunsuz səfər, Zatulinin fəaliyyəti də bu məqsədə xidmət edir. Bunların qarşısını almaq üçün təbii ki, Rusiya müəyyən tədbirlər görməli, izahat işləri aparmalı, qadağalar tətbiq etməlidir”.