XİN: Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan rəhbərliyinə güclü çağırışdır

Almaniya hökuməti bundestaqdan ona ünvanlanan suala cavabında Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımadığını bildirib. Xatırlatmaq istərdik ki, Almaniya Federal Kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı.
1news.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətindən Almaniya hökumətinin bundestaqından gələn Almaniya-Ermənistan münasibətlərinə dair suala verdiyi cavab və ABŞ dövlət katibinin köməkçisinin müavini C.Kentin Bakıda mətbuata açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibət bildirərkən deyilib.
XİN-dən bildiriblər ki, həmçinin, ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi:
“Hər iki bəyanat beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir.
Beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbul edilməzdir və dayanıqlı deyil.
1news.az