Azərbaycan-Malta oyununda qalib müəyyənləşməyib
Azərbaycan millisi oktyabrın 14-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Malta yığmasını qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilən oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar.
Malta yığmasının start heyətində isə Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Pol Fenek, Cozef Mbonq, Andre Şembri, Rouen Muskat, Xuan Korbolan, Rayan Kamileri və Albert Effionq yer alıblar.
Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyuna Azərbaycan millisi fəal başlayıb. Matçın 4-cü dəqiqəsində millimizin üzvləri rəqib qapısına ardıcıl iki zərbə vursalar da, Malta yığmasının qapıçısı Endryu Hoqq qapısını toxunulmaz saxlamağı bacarıb. Matçın 19-cu dəqiqəsində Rüfət Dadaşovun zərbəsi rəqib qapısından keçib, lakin yan xətt hakimi futbolçumuzun oyundankənar vəziyyətdə olduğunu bildirib.
Görüşün 37-ci dəqiqəsində maltalı futbolçular hesabı açıblar. Belə ki, Rouen Muskat komandasını hesabda önə çıxarıb. Birinci hissəsinin sonunadək hesab dəyişməyib.
Qarşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan millisi hesabı bərabərləşdirib. Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, Azərbaycan-Malta oyununda qalib müəyyənləşməyib – 1:1.
Qrupun digər oyununda isə Farer Adaları yığması Kosovo millisini qəbul edib və görüş 1:1 hesabı ilə başa çatıb.
Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.
Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.