Səfir: Azərbaycan Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına dəvət edilib

Misir Azərbaycanı 2019-cu ilin 3-9 mart tarixlərində keçiriləcək III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalında iştirak etməyə dəvət edib.
Bu barədə 1news.az-a Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim bildirib.
Səfir Adil İbrahim qeyd edib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində bu il keçiriləcək Beynəlxalq Festivala dəvət etməsini qərara alıb.
Həmçinin, səfir 2015-ci ildən Şarm əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnunluq duyduğunu bildirib.
P.Sultanova