İlham Əliyev yenidən dünyanın ən nüfuzlu 500 müsəlmanları siyahısında – FOTO

Azərbaycan prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 500 müsəlmanları siyahısına yenidən daxil olub.
Reytinq hər il Əmman Kraliyyət İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunur.
Burada qeyd olunur ki, dünyəvi insan olmaqla yanaşı, Azərbaycan Prezidenti İslam dininə inanır, və mülayim İslam mədəniyyətinə verdiyi dəstəklə əhalinin ehtiyaclarını əks etdirir.
Həmçinin qeyd olunur ki, Azərbaycanda əsasən müsəlman əhalisi üstünlük təşkil etməklə yanaşı, ölkə İslam Həmrəyliyi Təşkilatının üzvüdür.
Azərbaycan Prezidenti “The Muslim 500” reytinqində “Siyasət” kateqoriyasında stabil olaraq yer tutur.
Həmçinin reytinqdə hər il iki məşhur azərbaycanlı – məşhur xanəndə Alim Qasımov (“Mədəniyyət və incəsənət” kateqoriyasında) və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə (“Akademik sahə” kateqoriyası) də yer alır.
Alim Qasımov haqqında deyilir ki, bu azərbaycanlı musiqiçi – dünyanın ən məşhur folklor musiqisi ifaçısıdır. 1999-cu ildə o, IMC-UNESCO beynəlxalq musiqi mükafatına layiq görülüb.
“The New York Times”-ın məlumatına əsasən, Alim Qasımov müasir dövrün möhtəşəm ifaçılarından biridir. 2010-cu ildə Amerikanın ictimai radiosunun “dünyanın möhtəşəm 50 səsi” seriyasından olan mükafata namizədliyi irəli sürülüb.
Allahşükür Paşazadə isə reytinqdə Azərbaycanda dini müxtəlifliyi əks etdirən – istər şiə, istərsə də sünnilərlə bağlı fətvaları qəbul edən dünyada yeganə dini xadim kimi təqdim edilib. Qeyd olunur ki, o, 2010-cu ildə Azərbaycanda keçirilən Dini Liderlərin Ümumdünya sammitinə sədrlik edib.
Həmçinin qeyd olunur ki, 9,9 milyon əhalisi olan Azərbaycanda 96,9% insan İslam dininə qulluq edir. Bu da ölkədə müsəlmanların 9,6 milyon nəfər olduğunu göstərir. Azərbaycan İslam Həmrəyliyi Təşkilatınının fəal üzvüdür.


Fotoda: Alim Qasımov və Allahşükür Paşazadə
Reytinqin builki liderlərindən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Həmçinin liderlərin ilk beşliyində – Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz əl-Saud, İordaniya kralı Abdullah II ibn əl-Hüseyn, İranın ali lideri Ayətullah Əli Xamenei və Mərakeş kralı Məhəmməd VI.
Reytinq 2009-cu ildən dərc olunur. Burada dünya müsəlman aləminə siyasi, ideoloji, mədəni və ya digər formada təsir göstərən insanlar daxil edilir.
Tərcümə: S.Xankişiyeva