“Kritik İnfrastruktur” və onun təhdidlərdən qorunması: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi

“Azərbaycan ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir.” İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti
Giriş
Müstəqillik illərində ölkədə həyati vacib olan infrastrukturun yaradılması milli quruculuğun strateji məqsədlərindən biri olub. İyul ayında Mingəçevir İES-də baş verən hadisələri dəyərləndirərkən dövlət başçımız, ölkədə yaradılan milli infrastruktur sisteminin tənzimlənməsi, dünya təcrübəsini nəzərə almaqla, keyfiyyət baxımından daha da təkmilləşdirməsi ilə bağlı islahatların vacibliyini vurğulamışdır. Bu baxımdan “kritik infrastruktur”sistemi, onun mahiyyəti ilə bağlı təhlillərə böyük ehtiyac var.
“Kritik infrastruktur” nədir? - anlayşın mənası
“Kritik infrastruktur” (bundan sonra mətndə-Kİ) son onillikdə qabaqcıl dünya dövlətlərinin diqqət mərkəzində olan, həmçinin, ekspert və elmi cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. Azərbaycanda bu anlayış və onun əhatə etdiyi sahənin xüsusiyyətləri hələlik naməlum qalmışdır. Halbuki, infrastruktur sisteminin inkişafı baxımından dünyada qabaqcıl mövqelərə malik olan ölkəmizdə, bu sahənin böhran və risklərdən qorunması ilə bağlı məsələlər gündəmin ən aktual mövzularındandır.
“Kritik infrastruktur” anlayışının mənası-“həyati vacib struktur, yəni, dövlətin həyat qabiliyyətini təmin edən ən mühüm, müstəsna əhəmiyyətli, strateji təyinatlı strukturlar” deməkdir. Kİ-fəaliyyət və funksiyasının hətta ən qısa müddətdə belə pozulmasının dövlət və cəmiyyətin təhlükəsizliyi üçün ciddi risklərə, iqtisadi itkilərə səbəb ola biləcək obyektlər sistemi kimi başa düşülür.
İnfrastrukturları “kritik” dərəcədə əhəmiyyətli edən meyarlar isə:1.Fəaliyyətinin hətta qısa müddətdə pozulması nəticəsində, cəmiyyətin sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükə yaranması; 2.Baş verən qəza nəticəsində yaranan böhranın zəncirvari reaksiya (“kaskad, kəpənək effektli (“The Butterfly Effect”) tipli olub, “domino prinsipi” üzrə bir çox digər sahələrə yayıla, cəmiyyətin fəaliyyətini iflic edə bilməsidir.
Anlayış kimi “kritik infrastruktur” ilk dəfə ABŞ-da-1996-cı ilin oktyabr ayında ABŞ prezidenti tərəfindən imzalanmış qərarla yaradılan "Kritik infrastrukturun mühafizəsi üzrə Komissiya"nın adında tətbiq edilmişdir. ABŞ-da 11 sentyabr hadisələrindən sonra qəbul edilən "Vətənpərvərlik Aktında" (2001) "kritik infrastruktur"un mənası: "dövlət üçün son dərəcə əhəmiyyətli olan, sıradan çıxması və ya məhv edilməsinin milli müdafiə və təhlükəsizlik, iqtisadiyyat, səhiyyə və s. sahələrdə olduqca ağır nəticələrə gətirib çıxara bilən fiziki və virtual sistem və vasitələrin məcmusu" -kimi müəyyən edilmişdir.
Hazırda əksər xarici ölkələrdə qorunması strateji əhəmiyyətə malik olan həyati vacib obyektlər qrupunu tənzimləmək məqsədi ilə Kİ-run qorunması sistemi yaradılmışdır. Dünyada yaşanan iqtisadi böhrana baxmayaraq, kritik infrastrukturun mühafizəsi bazarı çiçəklənməkdədir və 2025-ci ildə bu bazarın dəyəri 135,48 milyard dollara çatacaq.
Kritik infrastruktura nə daxildir: sahələri və təsnifatı
BMT-nin 2341(2017) saylı Qətnaməsində qeyd edilir ki, “hər bir dövlət infrastrukturunun hansı obyektlərinin kritik əhəmiyyətli olmasını özü müəyyən edir”. Bu baxımdan müxtəlif ölkələrdə müəyyən edilmiş infrastrukturun seqmentləri “strateji obyektlərlə” bağlı adi şüurda olan təsəvvürlərdən tam fərqlənə bilər. Məsələn, ABŞ-da bu sahəyə həyat fəaliyyətini təmin edən obyektlərlə yanaşı, “Milli abidələr(heykəllər) və tarixi meydanlar”, “Seçki sistemi”, digər ölkələrdə informasiya/hibrid müharibənin hədəfi kimi diplomatik missiyalar da aid edilir.
Beynəlxalq təcrübənin müqayisəsi əsasında, Kİ sisteminə bu obyektlər daxil edilir: dövlət/hökumət orqanları, kənd təsərrüfatı və ərzaq, su resursları, səhiyyə, fövqəladə xidmət strukturları, sənaye (hərbi-sənaye), energetika, neft/qaz, daşınma və çatdırılmanı əhatə edən çoxşaxəli nəqliyyat/ logistika sistemi-aviasiya, dəmir yolları, avtomobil yolları, dəniz nəqliyyatı, boru kəmərləri, vətəndaşların kütləvi daşınma vasitəsi kimi metropoliten, bank işi və maliyyə sistemi, poçt/rabitə xidməti, milli abidələr, atom elektrostansiyaları, kommersiya tikililəri və s.
Hər bir ölkə Kİ sahələrini özü müəyyən etdiyi üçün, ölkədən ölkəyə fərqlər olsa da Kİ-run bütün ölkələr üçün ümumi olan sektorları kimi:dövlət strukturları,enerji sistemi, maliyyə, su təminatı, İKT, səhiyyə, nəqliyyat/logistika qeyd edilə bilər.Həmçinin əksər ölkələrdə strateji əhəmiyyətli “Tədqiqiat və araşdırmalar” da ayrıca sahə kimi Kİ-ra daxil edilir.
Avropa Şurasının 2008-ci ildə qəbul etdiyi Direktivdə, üzv ölkələrdən Kİ-run sistemləri və müdafiəsinin əsas istiqamətləri: “Fəaliyyəti və funksiyasının pozulması və ya məhv nəticəsində ən azı iki üzv dövlətə təsir göstərə bilən infrastrukturlar”kimi müəyyən edilib. Direktivdə bu sistemə yalnız-“hard” maddi-fiziki deyil, həmçinin “smart” (yumşaq) sosial, virtual və s. infrastruktur da aid edilir.
Kritik Infrastrukturla bağlı beynəlxalq və regional təşkilatların fəaliyyəti, beynəlxalq qanunvericilik
Birləşmiş Millətlər Təşkilatı (BMT)- kritik infrastrukturların qorunması sahəsində beynəlxalq subyektdir. BMT-nin Təhlükəsizlik Şurası 2017-ci ilin fevral ayında “Kritik infrastrukturun (Kİ qorunması haqqında Qətnamə (S /RES/2341 (2017) qəbul etmişdir. Hazırlanmasında 40-dan çox üzv dövlətin iştirak etdiyi sənədə Təhlükəsizlik Şurasının bütün üzvləri-15 dövlət səs vermişdir.
Avropa Birliyi (AB)- kritik infrastrukturların qorunması sahəsində regional və beynəlxalq subyektdir. 2005-ci ildə Kİ-run qorunmasının əsas istiqamətləri ilə bağlı “Yaşıl Kitab” hazırlamış,2006-cı ildə “Kritik İnfrastrukturlun qorunması sahəsində Avropa Proqramını"qəbul edilmişdir.
NATO-nun “Mülki Müdafiənin Planlaşdırıması sahəsində Komitəsi” və onun 8 şöbəsinin fəaliyyətinin ən mühüm istiqamətlərində biri də-Kİ-run qorunmasıdır. NATO-nun 2018-ci il iyul- Brüssel Samiti xüsusilə infrastruktur problemlərinə həsr edilmişdir.
Qabaqcıl dünya təcrübəsi
“Ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarliqla seçilən qurumları tərəfindən təhlili aparılmalıdır, təkliflər verilməlidir”. Ilham Əliyev. Azərbaycan Respublikasının Prezidenti
Kİ-run qorunmasının milli sisteminin yaradılması bütün dünya üçün yenidir və əsasən 11 sentyabr hadisələrindən sonra sürətlənib. Bəzi ölkələrdə bu son10, bəzi ölkələrdə 5 yaxud son 3 illik dövrə təsadüf edir.
Amerika Birləşmiş Ştatları (ABŞ).1996-cı il iyulun 15-də "Kritik İnfrastrukturun Mühafizəsi ilə bağlı Prezident Komissiyası” yaradılıb.Komissiyanın hazırladığı yekun hesabatın nəticəsi kimi, ölkədə kritiklik meyarına malik 8 infrastruktur müəyən edilir. 2002-ci iildə Daxili təhlükəsizliklə bağlı Milli Strategiya qəbul edilib.Burada Kİ obyektlərinin siyahısı və tabe olduqları dövlət orqanları əksini tapdı.Hər il yenilənın obyektlərin sayı 14-18 arasında dəyişir. 2003-cü ildə Kİ-run qorunmasını idarə edən ayrıca qurum-“Daxil təhlükəsizlik departamenti” yaradılıb.1996-cı ildən indiyə qədər Kİ-run qorunması ilə bağlı 11 qanunverici sənəd qəbul edilmişdir. Sonuncu sənəd-“Milli İnfrastrukturun Qorunmas Planı”- 2013-cü ildə qəbul edilib və Kİ-run sahələri bu kimi müəyyən edilmişdir: Kimya sənayesi; Dövlət orqanları; Ticarət obyektləri; Rabitə; Strateji sənaye/İstehsalat; Su anbarları; Fövqəladə Vəziyyətlər; Enerji; Maliyyə Xidmətləri; Qida və Kənd Təsərrüfatı; Səhiyyə; İnformasiya Texnologiyaları Sektoru; Nüvə reaktorları, Tullantı sektoru; Nəqliyyat Sistemləri; Kanalizasiya qovşaqları. 2017-ci ilin dekabrında qəbul edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasında onun Kİ-runu hədəfə alan 2 ölkənin adı çəkilib.
Fransa qanunvericiliyində-“fransız cəmiyyətinin əsasını və onun həyat tərzini təşkil edən əsas xidmətləri və malları və təmin edən sistemlər”- Kİ hesab edilir. Fransada Milli Kİ sistemi 12 sektoru ((8 məsul nazirlik, 253 Kritik Operatoru,1381 obyekti və 27/7 rejimində Kİ mühafizəsi üzərində çalışan 300 məsul işçinin fəaliyyəti) əhatə edir və bu sahədə qəbul edilmiş 22 rəsmi Direktivlə tənzimlənir. Kanadada 2009-cu ildə “Kritik İnfrastruktur sahəsində Milli Strategiya ” (National Strategy For Critical Infrastructure) qəbul edilib.Almaniyada 2011-ci ildə “Kritik infrastrukturun qorunması üzrə Milli Strategiya (CIP Strategiyası)” qəbul edilib. Ayrıca olaraq, Kİ-run araşdırılması üzrə ixtisaslaşan “Təhlükəsizlik Araşdırmaları”Beyin Mərkəzi yaradılıb. İsveçrədə 2009-cu ildə, qəbul edilən "Kritik Infrastrukturun Qorunmasının Əsas Strategiyası", 2012-ci və 2017-ci illərdə, sonuncu dəfə- 2018-2022-ci illər üçün Milli Strategiya", bu sahədə fəaliyyəti reallaşdırmaq üçün 17 istiqamətdə tədbirin görülməsini müəyyən edib. Polşada 2015-ci ildə “Milli Kritik İnfrastrukturun Qorunması üzrə Proqram” və iki illik Fəaliyyət Planı qəbul edilib,Kİ-run 16 obyektinin siyahısı əksini tapıb. İsraildə Kİ-run qorunması ilə bağlı 2002-ci ildə dövlət xüsusi qətnamə qəbul edtmişdir. Türkiyədə“2014-2023 –cü illər üçün Texnoloji Qəzaların Yol xəritəsi Sənədi” hazırlanmışdır.
MDB ölkələriə gəldikdə, Azərbaycanda və Rusiyada, həmçinin, əksər ölkələrdə Kİ-run qorunması ilə bağlı milli sistem hələlik formalaşmamış, onun bir sektoru üzrə-“Kritik İnformasiya İnfrastrukturu”(Kİİ) ilə bağlı dünya təcrübəsinə uyğun qorunma və təhlükəsizlik tədbirləri, qanunverici əsaslar təmin edilmişdir.
Bəzi ölkələrdə müəyyən edilmiş kritik infrastruktur sahələri:
Milli Kritik İnfrastruktur Sisteminin (MKİS) yaranması hansı çağırışlarla şərtlənib?
Bütün qabaqcıl ölkələrdə vahid idarəetmə qurumu- Milli Kritik İnfrastruktur Sistemi (MKİS) yaxud “Kritik Infrastrukturun Qorunması Sistemi” (KİQS) yaradılmış, bu sahədə milli strategiyalar qəbul edilmişdır. Onun başlıca məqsədi: qorunmalı olan strateji obyektlərin müəyyən edilməsi, dayanıqlılığının artırılması, fasiləsiz işinin təmin edilməsi, böhran və risklərin təhlili və önlənməsi, qəza baş verdiyi təqdirdə itkilərin minimuma endirilməsi və nəticələrin ən qısa zamanda bərpa edilməsi üçün sektorlar arası koordinasiya və monitorinqi təmin etməkdir.
Bu cür milli sistemin yaradilmadığı ölkələrdə müxtəlif sektorların fəaliyyəti ayrılıqda- fərdi şəkildə həyata keçirilir. Belə hallda kritik infrastrukturun subyektləri arasında ümummilli səviyyədə koordinasiya və informasiya mübadiləsinın olmaması ehtimal olunan təhdidlərə operativ reaksiya və konsolidasiya edilmiş fəaliyyəti qeyri-mümkün edir.Məhz bu zərurət idarəetmə sistemində vahid siyasətin həyata keçirilməsini mümkün edən müvafiq quruma ehtiyac yaratmışdır. Şəkildə bu əksini tapmışdır:
Azərbaycanda Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılmasını zəruri edən amillər
“Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ nəticədə ümumi sistemin sıradan çıxmasıdır. Elə bir sistem qurulmalıdır ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin... Əlavə tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə ümumi sistemə bunun təsiri olmasın. Bu, əsas istiqamət olmalıdır". İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti
“Kritik infrastruktur”sözü bir anlayış kimi ölkəmizdə hələlik mövcud deyil.
Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar müşavirədə ölkə Prezidentinin çıxışlarında “ümumi sistem” ideyası qırmızı xətt kimi keçir. Daha dəqiq deyilsə, baş verən qəzanın real səbəblərinin məhz Kİ-run sistemli idarəedilməsi müstəvisində olması əksini tapıb. Bu sahələrinin əlaqələndirilmiş fəaliyyəti və qorunmasının əsas istiqamət olması fikri vurğulanıb.
Enerji ilə bağlı beynəlxalq forumda Azərbaycanın energetika naziri də qeyd edib ki, “Enerji sektorunda qlobal çağırışlara uyğun çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”.
Deyilənlər baxımından, Kİ və onun sistemli idarə edilməsi hazırda gündəmin geniş müzakirə edilən mövzularından olmalıdır. Reallıqda isə hələlik "kritik infrastruktur" sözü - bir anlayış kimi mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, ümumilikdə bu sahə istər elmi-nəzəri, istərsə də, praktiki, normativ-hüquqi müstəvidə mənimsəniməmiş, naməlum qalmışdır.
Dünyanın hər yerində Kİ sistemində istər qəfil, istərsə də, məqsədyönlü baş verən qəzaların təhlili taktika, texnika, metodologiya və prosedur baxımından bənzərlik təşkil etməsinə dair yekdil qənaət mövcuddur.Mingəçevir İES-də baş verən qəzanın nəticələri və görüləcək tədbirlər üçün dünya təcrübəsi “mental model” kimi tətbiq edilə bilər.
Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş verən hadisə, sırf texnogen mahiyyətli olmayıb, dövlət başçısının qeyd etdiyi kimi, “həm iqtisadi, həm də siyasi”, həm də sosial mahiyyətli olub, geniş problemlər spektrini əhatə edir. Onların biri, bəlkə də birincisi, qeyd edilən sahədə analoji infrastrukturun idarəedilməsi ilə bağlı dünya təcrübəsinin tətbiq edilməsinin vurğulanması idi.
Son illərdə ölkəmizdə “kritik” adlanmasa da infrastruktur sahələrində keçirilən islahatlar-informasiya təhlükəsizliyi, rabitə və nəqliyyat, son aylarda isə enerji infrastrukturunun idarəedilməsi yönündə həyata keçirilən tədbirlər, mərkəzləşdirilmiş qurumların təsis edilməsi- doğru mühüm addımlar hesab edilə bilər. Aparılan e-dövlət və rəqəmsallaşma siyasətinin uğurlu tətbiqi nəticəsində hər bir dövlət orqanı özünün elektron xidmətlərinin sayını və növlərini gündən-günə artırmaqdadır. Son islahatlar gedişində bir sıra agentliklərin yaradılması adı çəkilən qurumların əlaqələndirilmiş fəaliyyəti ölkədə, vahid Kİ-run qorunması sisteminin (KİQS) yaradılması üçün mühüm bazanın da formalaşmasına dəlalət edir.
Azərbaycanda Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılması günün tələbidir
Dövlət idarəçilik sistemində Kİ-run qorunması sisteminin yaradılması- XXI əsrdə təhlükəsizliyin təminatında meqatrend kimi çıxış edir. Mingəçevirdə baş verən hadisə göstərdi ki, bu kimi hallar dünyada ən sabit ölkə imicini qazanan Azərbaycanda inkişaf və idarəçilik modelinin nüfuzuna, ictimai-siyasi sabitliyin səviyyəsinə mənfi təsir göstərə bilər. Bu baxımdan, dünyada təcrübəsinin mütərəqqi cəhətlərinin tətbiqi Kİ sisteminin tənzimlənməsində mühüm töhfə ola bilər. Azərbaycanda milli Kİ sisteminin yaranması günün tələbidir. Onu vacib edən amilləri aşağıdakı kimi sıralamaq olar:
- İstənilən sahədə təhlükəsizliyin və sabitliyin qarantı- səmərəli idarəçilk və insan amilidir. Müasir idarəçilik –daha çox risk və böhran idarəçiliyi rejimində olub, ekstremum şəraitdə təcili və çevik qərarlar qəbul etmək qabiliyyətidir. Yaranan problemlər əksər hallarda- səriştəli və məsul,cavabdeh qurumun olmaması ilə bağlı olur. Bu da öz növbəsində istənilən sahədə insan amilinin, idarəçilik, peşəkarlıq və səriştəlilik keyfiyyətlərinin proseslərə təsirini dəfələrlə artmışdır.
-Azərbaycan müharibə şəraitində yaşayır. Qeyd edildiyi kimi, Kİ-run başlıca meyarı-dövlətin müdafiə qabiliyyətinə bilavasitə və dolayısı ilə təsir edən obyektlər olmasıdır. Başqa ölkələrlə müqayisədə Kİ qorunması dəfələrlə ölkəmizdə daha yüksək səviyyədə olmalıdır.
Türkiyənın “İqtisadiyyat və Xarici Siyasət Araşdırma Mərkəzinin” hərbi analitiki Can Kasapoğlu qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün uğur və üstünlükləri ilə yanaşı, sitat:“arxa cəbhənin müdafiəsində, diqqət etməli olduğu bir məqam vardır. Bu Azərbaycanın kritik milli infrastrukturuna olan təhdidlərin nəzərə alınmasıdır”. Kİ obyektlərini terrorçu təşkilatlar və düşmən ölkələr üçün hədəfə çevirir.
- Beynəlxalq əməkdaşlıq baxımından ölkəmizdə dünya təcrübəsinə uyğun, analoji səlahiyyətə və missiyaya malik olan Kİ Sisteminin yaradılması zərurətdir. İşğal olunmuş ərazilərdə mövcud olan infrastrukturun tamamilə dağıdılması, işğalçı dövlətin Sərsəng su anbarını, eləcə də, Mingəçevir İES, neft kəmərlərini və s. Kİ obyektlərini hədəfə almaq cəhdləri və s.yuxarıda adı çəkilən rəsmi sənədlər çərçivəsində qiymətləndirilməlidir. Kİ sahəsində yaradılan beynəlxalq əməkdaşlıq formatları Azərbaycanda da tətbiq edilməlidir. Misal üçün, 2012-ci ildə ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya “Critical-5”- “Kritik 5-lik”sazişi imzalamışlar. Bu aspektdən baxdıqda, “ Baki-Tbilisi-Ceyhan Neft Kəməri, Baki-Tbilisi-Ərzurum Qaz Kəməri və Baki-Tbilisi-Qars dəmiryolu magistralı” və s.- Kİ obyektləridir və onların mühafizəsi region (Cənubi Qafqaz və Avropa) dövlətlərinin enerji təhlükəsizliyinin tərkib hissəsidir.Yuxarıda qeyd edilən model üzrə Azərbaycan da Avropanın və region dövlətlərinin enerji təhlükəsizliyini ortaq Kİ-ru: boru-kəməri və logistik şəbəkənin ortaq qorunmasını təmin edən “Kritik-3-lük” yaxud “5-lik” və s. formatlı sazişlər imzalaya bilərlər. Eyni məzmunlu əməkdaşlıq logistika mərkəzinə, Avrasiyanın nəqliyyat qovşağına çevrilən ölkəmizlə Orta Asiya respublikaları arasında da bağlana bilər.
-Kİ-run qorunmasının qanunverici və onun hüquqi əsaslarının yaradılması qarşıda duran aktual məsələlərdən biridir.Bu gün üçün Azərbaycanda kritik infrastrukturun sektorlararası əlaqəli fəaliyyətini, ehtimal olunan risk və təhdidlərdən tənzimlənməsini kimin və necə qorumasını müəyyən edən normativ qanunvericilik yoxdur. Bu yöndə ilk addım-Milli Fəaliyyət proqramının müəyyən edilməsi ola bilər.
-Ən mühüm istiqamətlərdən biri də, ictimai rəylə işləməyi və kütləvi maarifləndirməni təmin edə biləcək, mərkəz və bütün regionları əhatə edən miqyaslı kommunikasiya fəaliyyətinin təşkil edilməsidir. Məqsədyönlü şəkildə törədilən qəzalar cəmiyyətdə “xaos effektinin”, “kütləvi psixozun” yaradılmasına hesablanmışdır. Kİ qorunması ümumxalq əhəmiyyətli-cəmiyyətin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, dünyagörüşün maariflənməsi əsas məsələlərdəndir.
-Elm və təhsil sistemi Kİ-run qorunması mövzusunun tədqiqi və inkişaf etdirilməsinə köklənməlidir. Təhsil sistemində müfaviq tədris proqramlarına əlavə edilməli, məşğələ və təlimlər nəzərdə tutulmalıdır. Böhran və təhdidlərin baş vermə tezliyinin artması fonunda cəmiyyətin dünyagörüşdə, onlara münasibətin adekvat olmaması-“həssaslıq paradoksu” adlanır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbərliyi,ölkənin müxtəlif ali məktəb və müəssisələrində təqdimatlar zamanı bu mövzunun aktuallığını nəzərə almağı tövsiyə etmiş, müvafiq elmi-nəzəri materalların hazırlanmasına dəstəyini bildirmişdir.
Yekun olaraq qeyd edək ki, hazırda ölkəmizdə KI obyektləri və subyektləri (operatorları) bir-birindən təcrid edilmiş şəkildə fəaliyyət göstərir. Yəni nə qədər Kİ obyekti varsa o qədər də idarəçilk subyektləri mövcuddur və hər biri müstəqil fəaliyyət göstərir. Bu isə, bu qarşılıqlı fəaliyyəti, 24/7 rejimində vəziyyətin monitorinqini, “zəif bəndlərin” müəyyən edilməsi üçün təhlilləri və fasiləsiz informasiya mübadiləsini, ehtimal olunan risklər şəraitində çevik tənzimlənməni mürəkkəbləşdirir.
Bütövlükdə, kritik infrastrukturun qorunmasının milli sisteminin yaradılması yğnündə görüləcək tədbirləri: 1.strateji sənədlərin, qanunverici əsasların və mexanizmlərin, hazırlanması; 2. Kİ-run qorunmasına məsul əlaqələndirici qurumun müəyyən edilməsi; 3.operativ-təşkilatçılıq fəaliyyətinin həyata keçirilməsi kimi sıralamaq olar.
Sahəvi infrastrukturların hər biri müstəqil olmaqla özlərindən başqa nazirliklərin və s. iş rejiminə təsir etmə, təhlükəsiziliyinın əlaqələndirilmə səlahiyyətinə və mexanizminə malik deyil. Çünki ümumi idarəçilik və əlaqələndirməni həyata keçirəcək məsuliyyətə, səlahiyyətə və hüquqlara malik olan təsisat mövcud deyil.
Tahirə Allahyarova,
Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor