Azərbaycan hər zaman Fələstin xalqının yanında olub

Məlum olduğu kimi Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilir.
1news.az xəbər verir ki, görüşə Azərbaycanda səfərdə olan Fələstin xarici işlər naziri Riyad əl-Maliki sədrlik edir.
XİN rəhbəri maliki noyabrın 4-də da Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Görüşdə Prezident İlham Əliyev bildirib: “Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsidir”.
Qeyd edək ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlar çərçivəsində də Fələstin Dövlətinə dəstək verib, humanitar yardım göstərib. Dövlətimizin başçısı 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak və çıxış edib. Ölkə rəhbərinin bu tədbirdə iştirakı Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ilə görüşdə Fələstinin xarici işlər naziri Riad Əl-Maliki ölkəsi adından dövlətimizin başçısına təşəkkürünü ifadə edib.
Xatırladaq ki, 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfər edib. Bu, Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olub.
1992-ci ilin 15 aprel tarixində Azərbaycanla Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. 2013-cü ilin 21 aprel tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər edib.
Bu gün isə Bakı Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi edir. Tədbirdə iştirak üçün Fələstiin xarici işlər naziri Riad Əl-Maliki ilə yanaşı XİN rəhbərinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, həmçinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, diplomatları ölkəmizə səfər edib.
Tədbirin açılış mərasimində Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki və ev sahibi qısmində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov çıxış ediblər.
Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir.
Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib.
2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir. 2017-ci il Dövlətimizin başçısının sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edilib. Həmin ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi edib.
Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və islam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.
29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb. 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası baş tutub. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.
1news.az