Ermənistanın KTMT-nın Astana sammitində uğursuzluğu | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın KTMT-nın Astana sammitində uğursuzluğu

12:56 - 09 / 11 / 2018
Ermənistanın KTMT-nın Astana sammitində uğursuzluğu

Dünən, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.

1news.az-ın məlumatına görə, Şuranın iclasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iştirak edib. 

Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçiriblər. Görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. 

Tam əminliklə demək olar ki, KTMT-nın Astana sammiti Ermənistan üçün tam uğursuzluqla nəticələndi. Bunu təsdiq edən aşağıdakı faktları diqqətinizə çatdırırıq:

- Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl azad edildi.

- KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

- Sammitə ev sahibliyi edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salıb.

- Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirmiş oldu. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə nümayiş etdirir.

- Ümumiyyətlə, təsis olunmasından etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmayıb. KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil.

- Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar da var. Bu sənəd məhz Azərbaycan üçün hazırlanıb. Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilib.

1news.az

Paylaş:
960

Son xəbərlər

Bütün xəbərlər