Tonoyan: Düşənbə razılaşması yerinə yetirilir

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin komandanları arasında operativ əlaqənin qurulması məsələsi müzakirə olunur.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bildirib.
Tonayanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı operativ rabitəni davam etdirmək üçün xüsusi vəzifəli şəxslər nəzərdə tutulub:
"Onlar həm Ermənistanın, həm də Azərbaycanın silahlı qüvvələrindən məlumat alırlar. Əlaqə fasiləsiz fəaliyyət göstərir, Düşənbə razılaşması yerinə yetirilir”.
Qeyd edək ki, sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının sammiti keçirilib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında söhbət olub.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Həmçinin, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
P.Sultanova