Anar Həsənov: AccessBank tarix yazır | 1news.az | Xəbərlər
Müsahibə

Anar Həsənov: AccessBank tarix yazır

12:00 - 27 / 11 / 2018
Anar Həsənov: AccessBank tarix yazır

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsi.

- Cənab Həsənov, artıq bank üçüncü rübə dair hesabatı açıqlayıb. Nəticələri ümumilikdə necə dəyərləndirirsiniz?

- Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bankımızın bütün əsas biznes göstəriciləri ciddi artım nümayiş etdirib. Bankımızın aktivləri 836,5 mln. manata çatıb. Kredit portfelimiz də bu il artım nümayiş etdirir və hazırda 520 mln. manat civarındadır. Mikrokreditləşmə sahəsində əldə etdiyimiz nailiyyətlər isə bizim üçün xüsusilə qürurvericidir. Bildiyiniz kimi, məhz bu sahə hər zaman AccessBank-ın güclü tərəflərindən biri olub.

Qeyd edim ki, təkcə oktyabr ayında müştərilərimizə 45 mln. manat məbləğində kredit vermişik ki, bunun da 29 mln. manatı mikrokreditləşmənin payına düşür. Əlavə edim ki, bu seqmentdə bankımız 50%-dən çox bazar payı ilə bütün sektordan xeyli irəlidədir. Bu isə bir daha təsdiqləyir ki, fəaliyyətdə olduğu illər ərzində AccessBank öz müştərilərinin uzunmüddətli tərəfdaşına çevrilərək ölkədə mikro və orta biznesə dəstək üzrə missiyasına sadiqdir. Bir kredit mütəxəssisi üzrə məhsuldarlıq isə devalvasiyadan öncəki göstəriciyə yaxınlaşıb.

Fiziki şəxslər üzrə depozit portfelində də artım davam edir və biz AccessBank-a etimad göstərən hər bir müştərimizə minnətdarıq.

İnanıram ki, bu templə biz hər rüb həm maliyyə göstəricilərimizi, həm də bazardakı mövqeyimizi yaxşılaşdırmağa nail olacağıq.

- Bankın əsas maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirsə də, bu rüb zərər cüzi artıb. Bunu necə izah edərdiniz?

- Bilirsiniz, bu, kompleks sualdır, buna bir neçə amil təsir edir. İki misal gətirə bilərəm. Azərbaycan iqtisadiyyatının inkişafını nəzərdə tutan uzunmüddətli biznes-planımıza əsaslanaraq, biz devalvasiyadan sonra dərhal filial şəbəkəmizi kəskin şəkildə azaltmadıq və müvafiq olaraq əməkdaşlarımız arasında ciddi optimallaşdırma aparmadıq. Başqa sözlə, yalnız ehtiyac olan yerlərdə dəqiq optimallaşdırma apararaq bank özü üçün vacib olan kadr və filialları qorumağa çalışdı ki, məhz onların sayəsində növbəti illər ərzində biznesi inkişaf etdirmək niyyətindədir.

Beləliklə, bank bütün əməliyyat xərclərini saxlayaraq, bizim üçün vacib olan xidmət şəbəkəmiz və ştat üzrə xərcləri üzərinə götürdü. Bildiyiniz kimi, məhz bu bizim ən güclü tərəflərimizdən biri olub. Və ya başqa bir misal - hecləşdirmə. Belə deyək, milli valyutamızın dəyərdən düşməsindən sonra və manatın qısamüddətli perspektivdə stabilliyi ilə bağlı müştərilərimizin narahatlıqları fonunda bank dolların gələcəkdə möhkəmlənməsi ehtimalını nəzərə alaraq xarici valyutada verilən kreditlər üzrə bütün riskləri öz üzərinə götürdü. Beləliklə, müştərilərimizin narahatlıqlarına son qoymaq üçün bank ciddi xərclərlə üzləşdi ki, onlar biznesini bazarın yeni reallıqlarına adaptasiya edə bilsinlər.

Bizim gözləntilərimizə əsasən, biznesin həcmində və müvafiq olaraq bankın gəlirlərinin gözlənilən artımı, həmçinin hecləşdirmə üzrə xərclərin tədricən azalması nəticəsində gələn il bu amillər bankın gəlirliliyinə ciddi təsir göstərməyəcək. 

- Problemli kreditlərin həcmində azalma müşahidə olunmaqdadır. Bank nə vaxt kredit portfelini tamamilə təmizləməyə müvəffəq olacaq?

- Birinci devalvasiyaya qədər (2015-ci ilin fevralın 21-i) bizim kredit portfelimizin həcmi 1 mlrd. dolları ötmüşdü. Portfelin 56%-i və ya təxminən 575 mln. dolları ABŞ valyutasında verilən kreditlərin payına düşürdü. Xarici tərəfdaşlarımızın dəstəyini nəzərə alsaq, devalvasiyadan öncə bank xarici borclanma sahəsində olduqca aktiv idi. Bundan başqa, həmin dövrdə manat uzun müddət ərzində dollara qarşı möhkəm valyuta olaraq qalırdı.

Bir amili də nəzərə almaq lazımdır ki, AccessBank-ın kreditləşdirdiyi biznesin böyük hissəsi idxala bağlıdır. Təbii ki, belə olan halda bir çox insan dollar kreditlərinə üstünlük verirdi. Yuxarıda qeyd etdiyim rəqəmlər bu fikrimi bir daha təsdiqləyir. Hamımız bilirik ki, manatın devalvasiyasından sonra ölkədəki biznesin bir çox seqmenti müəyyən çətinliklərlə üzləşdi ki, bura əhalinin real gəlirlərinin, başqa sözlə, istehlak qabiliyyətinin azalması da daxildir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, AccessBank dollar portfelinin mütləq əksəriyyətini restrukturizasiya edib.

Yeri gəlmişkən, cari ilin yanvar-oktyabr ayları ərzində bank ümumi məbləği 318 mln. manatdan çox olan 52 minə yaxın kredit verib. Bazarın yeni reallığını nəzərə alaraq, bu kreditlərin 97%-i manatla verilib. Hesab edirəm ki, rəqəmlər hər şeyi deyir və AccessBank-ı etibarlı tərəfdaş qismində görən sahibkarlarla bankımız arasında əməkdaşlığın bariz göstəricisidir.

- Yeri gəlmişkən, bank kredit ödənişində problemlə üzləşən müştərilərə yardım əlini uzadırmı?

- Biz problemli kreditlərin böyük hissəsini restrukturizasiya etdik, müştərilərimizə güzəşt müddəti verdik. Budur, ölkə iqtisadiyyatı devalvasiyalardan əmələ gələn şoklardan sonra bərpa olunub, vaxtında yardım əlimizi uzatdığımız müştərilərimizin biznesi də stabilləşib və onlar borclarını qaytarmağa başlayıb. Bəzən şayiələr eşidirəm ki, biz problemlə üzləşən heç bir müştərimizə yardım əlimizi uzatmırıq və buna sadəcə təəccüblə yanaşıram. AccessBank 16 illik fəaliyyəti ərzində ümumi məbləği 5,3 mlrd. manata yaxın olan 1,2 mln. kredit verib.

Düşünün, söhbət ölkənin mikro və orta sahibkarlıq sahələrini təmsil edən yüz minlərlə insandan gedir. Mənim hüquqi təhsilim yoxdur, lakin şayiələrin məntiqinə inansaq, belə çıxır ki, illərlə sürən məhkəmə çəkişmələrindən sonra tək-tük insan barəsində qanunvericiliyə uyğun şəkildə, üstəlik, onların gözləmədiyi halda hüquqi tədbir görülürsə, deməli, bank kütləvi şəkildə müştərilərinə qarşı müharibə aparır? Yumşaq ifadə etsək, bu, təəccüblü və populist yanaşmadır.

- Nizamnamə kapitalının artırılması ilə bağlı vəziyyət nə yerdədir?

- Bir müddət öncə qeyd etdiyimiz ki, bankın xarici investorları tərəfindən kapitallaşma barədə qərar qəbul olunub. Noyabrın 15-də bankın kapitallaşması ilə bağlı saziş imzalanıb. Qeyd edim ki, bu, ilk hüquqi icbari sənəddir və onun tərəfləri qismində bankın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Bizim üçün vəziyyətin özəlliyi ondan ibarətdir ki, beynəlxalq maliyyə institutlarının timsalında bankın aparıcı tərəfdaşları böyük həvəslə və qısa müddət ərzində bankın kapitalına mühüm investisiya yatırılması ilə bağlı razılıq əldə etdi.

Sazişə əsasən, kapitallaşma prosesi sözügedən təşkilatlar tərəfindən banka 184 mln. manat məbləğində dəstəyin olunacağını nəzərdə tutur. Bu vəsaitdən 118,5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönələcək və bunun nəticəsində səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 mln. manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.

Bu onu göstərir ki, bank beynəlxalq maliyyə institutları üçün olduqca vacib tərəfdaş olaraq qalmaqdadır. Son aylar ərzində bank və gələcək səhmdarlar təsisçilər sırasına beynəlxalq tərəfdaşların cəlb olunması istiqamətində çox böyük həcmdə iş görüblər. Bu cür layihələrin spesifikasına bələd olan adamlar bilir ki, belə danışıqların qeyd olunan müddət ərzində bitirilməsi rekord hesab olunur və ölkənin qeyri-neft sektorunun inkişafında beynəlxalq maliyə təşkilatlarının maraqlı olmasından xəbər verir.

Kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız AccessBank-ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır. Belə çıxır ki, AccessBank nəinki Azərbaycanın bank sektorunda (gülür), həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır.

- Daha bir vacib məsələyə toxunmaq istərdik. Belə ki, zaman-zaman bankın müflisləşməsi ilə bağlı informasiya peyda olur. Bu informasiyalar həqiqəti əks etdirirmi?

- Biz bu qəbildən olan informasiyaların hər birini oxumuşuq və eşitmişik, lakin hər dəfə təmkinli davranaraq reaksiya verməmişik. Kapitallaşma məsələsinə qayıtmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını, xüsusilə qeyri-neft sektorunu aktiv şəkildə inkişaf etdirməkdə qərarlıdır, bu isə xarici investisiyalara daha açıq olmaqdan xəbər verir, adlarını yuxarıda çəkdiyim investorların bank sektoruna daxil olması AccessBank-ın müstəsna rolundan xəbər verir.

16 illik fəaliyyətimiz ərzində əldə etdiyimiz göstəricilərlə biz bütün beynəlxalq investorlara göstərdik ki, Azərbaycanda 100% xarici kapitallı layihə necə uğur qazana bilər. Devalvasiyadan sonra bank tərəfindən atılan düzgün addımlar və ölkə iqtisadiyyatının potensialı bizim investorlara daha da güvən verir.

- Bir qədər də dərinə gedək. Bilirik ki, AccessBank Fitch ilə əməkdaşlığı dayandırıb. Onu da bilirik ki, bu addım bankın xahişi əsasında atılıb…

- Təkrar edirəm, kapitallaşma prosesinə fərqli ölkələri və müxtəlif korporativ maliyyə mədəniyyətini təmsil edən iri beynəlxalq institutlar cəlb olunub. Təsəvvür edirsiniz ki, son aylar ərzində biz hansı həcmdə işin öhdəsindən gəlmişik? Bu prosesin maksimum şəkildə kənar gözlərdən və arzuolunmaz şərhlərdən uzaq olması üçün olduqca böyük səy göstərdik ki, bu və ya digər düzgün ifadə olunmayan informasiya danışıqlara və tərəflərin istəyinə qətiyyən təsir etməsin. Buna görə, bank mətbuat üçün bu məsələləri şərh etmirdi və biz media tərəfdaşlarımzdan AccessBank üçün həssas olan məqamda anlayışla yanaşmalarını xahiş etdik. Fürsətdən istifadə edərək, bir daha hər bir mətbu orqana təşəkkür edirəm.

Mövcud və gələcək səhmdarlar israr edirdilər ki, danışıqlar prosesində konfidensiallıq tam təmin olunsun. Məhz bu baxımdan biz Fitch beynəlxalq reytinq agentliyinə əməkdaşlığın dayandırılması üçün müraciət etdik. Belə ki, hər hansı ciddi təşkilatdan müvafiq reytinqin alınması üçün bank "daxili mətbəxi" tamamilə açmağa borcludur. Bu isə xarici tərəfdaşlarımızla aparılan danşıqlara təsir edə bilərdi. Lakin mən düşünmürəm ki, bank uzun müddət ərzində beynəlxalq qiymətləndirməsiz qalacaq. Xüsusilə nəzərə alsaq ki, bizim səhmdarlar beynəlxalq institutlardır. Reytinqi yenə də Fitch verəcəkmi? Bu, əlavə müzakirə mövzusudur.

- Siz AccessBank-ın ilk azərbaycanlı rəhbərisiniz. Anar Həsənov İdarə Heyətinin sədri olandan nələr dəyişib?

- Bizim əsas üstünlüyümüz ondadır ki, 16 il ərzində AccessBank hər hansı menecerin idarəçilik üslubundan və ya fərdi keyfiyyətlərindən asılı olmayıb. Bu müddət ərzində biz yalnız korporativ dəyərlərimizə köklənmişik. Həmin dəyərlərə şəffaflıq, müştəri və əməkdaşlarımıza ədalətli yanaşma və s. aid etmək olar. Mənim əsas məqsədim bu dəyərlərin qorunmasından ibarətdir. Bazarın sürətlə dəyişən reallıqlarına adaptasiyanı nəzərdə tutan bəzi struktur dəyişikliklərinə baxmayaraq, bankın "onurğa sütunu"nu təşkil edən komanda bizimlə qalır. Mən fəxr edirəm ki, uzun illər ərzində bu cür insanlarla bir komandada işləyirəm. Bank rəhbərliyini və orta səviyyəli menecerləri analiz etsək görərik ki, bu insanların AccessBank ilə 10 ildən artıq müddəti əhatə edən staj birləşdirir, bəziləri isə ümumiyyətlə ilk gündən burada çalışır. Biz bu dəyərləri qorumaq fikrindəyik, çünki onlar bizim əsas aktivimiz olan əməkdaşlarımızın üzərində qurulub.

- Yekunda yaxın perspektiv üçün proqnozlarınızı öyrənmək istərdik.

- İnvestorlarımızla danışıqlar prosesində biz bankın 4 illik strateji planını hazırladıq. Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək. Bununla yanaşı, ölkənin innovativ banklarından biri olaraq, biz rəqəmsal alətlərə investisiya yatırmağa davam edəcəyik. Həmçinin, beynəlxalq tərəfdaşlarımızın konsaltinq xidmətlərindən yararlanaraq biz məhsullarımızın sayını da artırmaqda maraqlıyıq. Təbii ki, bu məsələdə biz bazarın trendelərini nəzərə alacağıq.

Hesab edirəm ki, hazırda bank sektoru transformasiya mərhələsindədir və bu yalnız Azərbaycana aid deyil. Əminəm ki, korporativ dəyərlərinə və unikal imkanlarına əsaslanaraq AccessBank  Azərbaycanın bank sektorunda layiqli yerini tutmağa davam edəcək.

Paylaş:
865

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər