Mübariz Əhmədoğlu: Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət “domino effekti”nə çox yaxındır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət “domino effekti”nə çox yaxındır

10:42 - 28 / 11 / 2018
Mübariz Əhmədoğlu: Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət “domino effekti”nə çox yaxındır

Nikol Paşinyanın fikrincə, guya Şuşa həbsxanasında girov saxlanılan D.Əsgərov və Ş.Quliyevin Azərbaycana qaytarılması yeni “Ramil Səfərov” effekti yaradacaq. Ermənilərin anlamında R.Səfərov fenomeninin iki tərkib hissəsi var: 1) R.Səfərovun Macarıstanda həbsxanadan buraxılması. 2) R.Səfərovun Bakıda təntənəli qarşılanması.

N.Paşinyan D.Əsgərov və Ş.Quliyevin Azərbaycana qaytarmamasının əsas səbəbini əgər bunda görürsə bu məsələnin həllinin tapıldığını demək mümkündür.

İki addım:

1. Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından girovluqdan azad edilir.

2. Bakıya göndərilmir, Kəlbəcərə göndərilir.Elnur Hüseynzadəni də bura əlavə etmək olar.

Bu azərbaycanlılar üçün Bakı ilə Kəlbəcərin fərqi yoxdur. Hətta azadlıqda olsalar Şuşanın da fərqi yoxdur. Beləliklə D.Əsgərov və Ş.Quliyev Kəlbəcərdə azad şəkildə yaşayırlar, onların yaşayışının təmini üçün təsərrüfatlarının qurulması məqsədilə ilə Aİ və ya ATƏT müəyyən qrant layihəsi reallaşdırır. D.Əsgərov və Ş.Quliyevin bacarıqları nəzərə alınmaqla xırda emalatxanadan tutmuş, heyvandarlıq və ya əkinçiliklə məşğul olan fermer təsərrüfatınadək nəsə bir qurum yaratmaq olar.

Azərbaycan Respublikasının Kəlbəcər rayonun prokurorluğu D.Əsgərov və Ş.Quliyevdən Kəlbəcər rayonun ərazisini tərk etməməklə bağlı iltizam alır. Azərbaycan Respublikasının rəsmiləri D.Əsgərov və Ş.Quliyevin bu göstərişə əməl edib-etməməsini müntəzəm yoxlayır.

Kəlbəcərdə yaşamağa başlayan bu iki şəxsin ailə üzvləri, qohumları və dostları yoxlamaq istəsələr bunun üçün də xüsusi prosedur müəyyənləşdirmək olar. Beləliklə 3 azərbaycanlı girov azad yaşayır və nəticədə N.Paşinyan da “Ramilsəfərovlaşma”dan qaçır.

ATƏT və Aİ MDB məkanındakı digər münaqişəli regionlarda icmalar arası dialoqu geniş tətbiq ediblər. Dağlıq Qarabağ münaqişəsində isə bundan yayınıblar. ATƏT və Aİ MDB məkanındakı digər münaqişəli regionlarda sülhyaratma istiqamətində müxtəlif orijinal addımlar da reallaşdırıblar. Dağlıq Qarabağ münaqişəsi regionunda isə bunu da etməyiblər. D.Əsgərov və Ş.Quliyevin Kəlbəcərdə azad yaşamasının təminində onların iştirakı Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yarada bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət “domino effekti”nə çox yaxındır. İstənilən irəliləyiş birdən-birə tənzimlənməyə səbəb ola bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər