Koçaryanın oğlundan Paşinyana cavab - FOTO

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın onun Müdafiə Nazirliyində məcburi hərbi xidmətdə olmasına dair bəyanatını təkzib edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın oğlu Facebook səhifəsində yazıb və orduda olarkən çəkilmiş fotolarını paylaşıb.
"Bu gün mən haqqımda növbəti yalanlar eşitdim. Təəccüblənmədim, çünki hamıya məlumdur ki, gündəlik bu qəzet (Paşinyanın" Haykakan jamanak” nəşri nəzərdə tutulur- red.) uzun illərdir eyni yanaşmanı davam etdirir”, L.Koçaryan yazıb.
Əlavə edib ki, uşaqlığını Xankəndində keçirib, bombaların yağmasına baxmayaraq, hər kəs kimi həmin illərdə Qarabağı tərk etməyib, zirzəmilərdə gecələyib:
"Şübhəsiz ki, müharibə illərini Qarabağda keçirən həmyaşıdlarım mənimlə razılaşacaqlar ki, biz hamımız hərbi forma geyib, döyüşlərdə iştirak etməyi arzulayırdıq. Hərbi xidmətdən yayınma rüsvayçılıq hesab olunurdu".
Levon Kocaryan qeyd edib ki, "prezidentin" oğlu kimi onun magistratura, aspirantura təhsilini davam etdirmək üçün çox fürsətləri var idi, o zaman qanunun verdiyi imkanlardan istifadə edib hərbi xidmətdən azad oluna bilərdi:
"Buna baxmayaraq, mən hərbi xidmətdə olmağa qərar verdim, milli təhlükəsizliyin xüsusi heyətində nəzərdə tutulan döyüş təlim proqramından keçdim, gecəni yalnız hərbi hissədə deyil, çadırlarda keçirdim. Gizlətmirəm, zabitlərin nəzarəti altında idim, mən bütün səmimiyyətlə danışıram, bu, xoşagəlməz idi. İndi də əsgər yoldaşlarımla çox yaxşı münasibətlərimi saxlayıram.
O, həmişə atasının keçdiyi yoldan qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan Koçaryanın övladlarının Müdafiə Nazirliyində xidmət etdiklərini deyib. Paşinyanın "xidmət" sözünü dırnaqdan istifadə edərək işlətməsi bunun həqiqi hərbi xidmət olmadığı anlamını verir.
Paşinyan oğlu Qarabağda xidmət edən yeganə erməni lideri olduğunu da əlavə edib. Onun bu ifadələri Qarabağdakı separatçılar arasında etirazla qarşılanıb.
P.Sultanova