Aşotyan: Paşinyan Rusiya ilə əlaqələri davamlı olaraq pozmaqdadır
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədli şəkildə məhv edir və Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
Onun sözlərinə görə, Paşinyan Rusiya ilə münasibətləri ardıcıl şəkildə pisləşdirməkdədir:
“Respublika Partiyasının hakimiyyət dövründə Ermənistan-Rusiya münasibətlərinin inkişafında konkret nəticələr əldə edilmişdi. Bunun təsdiqi olaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxi oldu, bu qurumda və KTMT-də rəhbər vəzifələri tutdu, ölkəyə yönəldilmiş Rusiya investisiyalarının həcmi artdı”.
RP sədrinin müavini deyib ki, Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq, Rusiya şirkətlərinin, xüsusən "Gazprom Armenia" və "SCR" şirkətlərinin törəmə müəssisələrinə qarşı bilərəkdən hüquqi proseslər törədib. Beləliklə də, o, ölkədə xarici investisiyanın axını azaldacaq bir atmosfer yaradır.
Onun fikrincə, Ermənistan rəhbərliyi özünü elə aparır ki, rus tərəfdaşları onu yanlış məlumatlandırmada günahlandırırlar, bu, yolverilməzdir və iki ölkə arasında strateji münasibətlərə zərər verir.
Qarabağ danışıqlarına toxunan Aşotyan vurğulayıb ki, Paşinyan və onun komandası vəziyyətdən baş açmır və münaqişənin həlli ilə bağlı dəqiq bir baxışa malik deyil. Əlavə edib ki, Ermənistanda yeni hakimiyyətin dövründə yalnız danışıq prosesinə zərbə vurulub.
P.Sultanova