Ermənistanda siyasi qüvvələr Paşinyana qarşı birləşir
Yaxın günlərdə ERmənistanda parlamentdən kənar siyasi qüvvələr müxalifət blokunun yaradılması təşəbbüsü ilə çıxış edəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan bildirib. Onun sözlərinə görə, bir sıra partiyalar arasında artıq danışıqlar aparılır.
“Hökumət istəsə, biz onlara kömək edəcəyik, əks halda, biz müxalifətdə olacağıq" deyən Sarkisyan, yeni seçilən parlamentdə müxalifət olmadığını əlavə edib.
Onun sözlərinə görə, "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan nə qədər müxalifət olacaqlarını təkrar etməsinə baxmayaraq, sual yaranır ki, onlar bunu necə edəcəklər:
“İdeologiya və proqramları baxımından onlar müxalifət deyillər, buna görə də ən yaxşı halda bir növ nəzarət edə bilərlər".
Yaradılacaq bloka daxil olacaq siyasi qüvvələrə gəlincə, Sarkisyan bildirib ki, tərəflər arasında hər bir siyasi qüvvənin ayrı-ayrılıqda bəyanatla çıxış edəcəyi barədə razılıq var:
"Milli özünüidarəetmə" birliyinin lideri Paruyr Hayrikyan artıq müvafiq bəyanatla çıxış edib. Təşəbbüs qrupunda 3-4 siyasi qüvvə var. Gələcəkdə daha bir neçəsi də qoşulacaq ".
Xatırladaq ki, dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçirilib. Parlamnentə üç siyasi qüvvə- Nikol Paşinyanın “Mənim addımım” bloku(70.43%), "Çiçəklənən Ermənistan" partiyası (8.27%) və "Parlaq Ermənistan" partiyası (6.37%) daxil olub.
P.Sultanova