Elçin Əsgərli: “Google”da işləmək üçün xüsusi istedada sahib olmaq tələb olunmur – FOTO
Xaricdə ölkəmizi uğurla təmsil edən istedadlı gənclərdən biri də “Google” şirkətində proqram təminatı üzrə mühəndis vəzifəsində işləyən gənc soydaşımız Elçin Əsgərlidir.
Bu il ilk dəfə olaraq Bakutel, 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının çərçivəsində Bakutel Tech Talks – yeni bir tədbir təşkil olunmuşdu. Tədbirin birinci sessiyası “Bizimkilər” adlanırdı. Caspian Event Organisers şirkətinin təşkilatçılığı ilə, keçirilən bu sessiyada dünyaca məşhur İT şirkətlərində çalışan həmvətənlərimiz dəvət olunmuşdu. Məruzəçilər arasında olan E.Əsgərli 1news.az-a müsahibə verib.
O, müsahibəsində İT (informasiya texnologiyaları) sahəsinə olan marağı, dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Google”-dakı işi, şəxsi həyatı və gələcək planlarından danışmaqla yanaşı, İT sahəsinə maraq göstərən gənclərə məsləhətlər də verib.
Həmin müsahibəni təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- Bakıda anadan olmuşam. Bakı Özəl Türk Liseyində oxumuşam. Sonra Almaniyanın Bremen şəhərində bakalavr təhsili almışam. Burada təhsilimi başa vurandan sonra Frankfurta köçdüm və 3-4 il burada işlədim. İşlədiyim müddətdə həm də magistratura təhsili aldım.
Sonra ABŞ-a köçdüm və Corctaun Universitetində kompüter mühəndisliyi üzrə təhsil aldım. Az sonra isə “Google” şirkətindən iş təklifi aldım. Müsahibədən uğurla keçəndən sonra həmin şirkətdə daimi işə başladım.
- Almaniya kimi ölkədə yaşamaq və işləmək bir çoxlarının arzusudur. Necə oldu ki, ABŞ-a köçmək qərarına gəldiniz?
- Almaniyada yaşayanda gördüm ki, ABŞ-da İT sahəsi daha çox inkişaf edir. Həm də istədim ki, elmi sahədə maraqlı bir iş görüm. Buna görə də ABŞ-a köçüb orda işləmək qərarına gəldim.
- İKT sahəsinə maraq sizdə haradan yarandı?
- Uşaqlıqdan həkim olmaq istəyirdim. 10-11-ci siniflərdə kompüterlə işləməyə başladım və getdikcə kompütrə, İT sahəsinə marağım artmağa başladı. İndinin özündə İT sahəsində də maraqlarım getdikcə dəyişir.
- Yəqin ki, bu səviyyəyə gəlib çatmağınız, “Google” kimi şirkətdə işləməyiniz üçün az zəhmət çəkməmisiniz?
- Təbii ki, hər bir uğurun əsasında gərgin əmək dayanır. Əziyyət çəkmədən ciddi bir uğur əldə etmək demək olar ki, mümkün deyil. Bir çoxları düşünür ki, İT sahəsində işləmək üçün gərək xüsusi bir istedadın olsun. Mən şəxsən inanmırdım ki, belə bir güclü istedadım var.
Sadəcə olaraq İT sahəsinə böyük marağım və istəyim olub. Zəhmət çəkəndə, çox çalışanda istər istəməz adamın qarşısına imkanlar çıxır. Yəni, “Google” kimi nüfuzlu şirkətdə işləmək üçün xüsusi istedada sahib olmaq tələb olunmur. Nəyəsə nail olmaq üçün əziyyət çəkən hər bir insan gec-tez əziyyətinin bəhrəsini görür.
- Yəqin bir çoxlarına maraqlıdır ki, “Google” kimi böyük bir şirkətdə işləməyin başlıca özəllikləri nədən ibarətdir?
- Bu cür nüfuzlu şirkətdə işləmək maraqlı olduğu qədər insandan böyük məsuliyyət tələb edir. Hər kvartal bizə müəyyən tapşırıqlar verirlər. Həmin müddətdə bizə verilən işi yerinə yetiririk. Elə olur ki, tək, bəzi hallarda isə bir neçə nəfərlə işləyirik.
İşimizin əsas özəlliklərindən biri isə tez-tez cəmiyyətdə böyük nüfuza malik, böyük vəzifədə çalışan, kifayət qədər maraqlı insanlarla ünsiyyətdə olmağımızdır.
- ABŞ-a köçdüyünüz ilk vaxtlarda yeni mühitə, yeni insanlara uyğunlaşmaq baxımından hər hansı bir çətinliklə qarşılaşmadınız ki?
- Əvvəl Almaniyada və İsveçrədə yaşadığımdan demək olar ki, heç bir çətinliklə üzləşmədim. Dili biləndən sonra insanlara qaynayıb qarışmaq da asan olur. Ən əsası Amerikada ora köçən insanları çox yaxşı qarşılayırlar.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Çalışıram öz layihələrim üzərində işləyim. İmkan olduqda idmanla məşğul oluram. Həm də səyahət etməyi, gəzməyi çox xoşlayıram. Nyu-Yorka yeni köçdüyümdən çalışıram ki, şəhəri daha yaxşı tanıyım.
- Şəxsi layihələrinizin üzərində işlədiyinizi dediniz. Bəs gələcəkdə İKT sahəsində iş qurmağı düşünürsünüzmü? Ümumiyyətlə, gələcək planlarınız nədən ibarətdir?
- Düzü plan qurmağı çox da xoşlamıram. Çünki həmin planları həyata keçirmək həmişə alınmır. Yaxın 2-3 işdə “Google”da işləyib biliyimi və təcrübəmi artırmağı düşünürəm. Çalışıram ki, hər gün yeni nəsə öyrənim.
- İT sahəsində uğur qazanmaq istəyən azərbaycanlı gənclərə məsləhətiniz nədir?
- İnformasiya bolluğu dövründə yaşayırıq. İT sahəsi isə həm çox maraqlıdır, həm də bu sahəyə maraq getdikcə artmaqdadır. Gənclərə məsləhət görərdim ki, texologiyanın bizə verdiyi imlanlardan düzgün istifadə edərək yeni-yeni məlumatlar öyrənsinlər, öz bilik və bacarıqlarını təkmilləşdirsinlər. Çox istəkli olsalar və zəhmət çəksələr gələcəkdə ciddi bir uğura nail ola bilərlər.
Babək Cahandarov
Uğurun sirri: Rüstəm Həşimovu Masallıdan Facebook-a gətirən yol – FOTO