Şarmazanov: Paşinyanın “masa tostları” səviyyəsində verdiyi vədlər iflasa uğrayıb
2018-ci il həm Ermənistan, həm də Respublika partiyası üçün çağırışlarla dolu bir il oldu.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, partiyanın mətbuat katibi Eduard Şarmazanov bildirib.
“2018-ci il bir dəyişiklik, kəskin dəyişiklik ili idi, inqilab deyil, hakimiyyət dəyişikliyi baş verdi. Hazırkı hakimiyyət və onun lideri qanunverici orqana təzyiq göstərməyə müvəffəq oldu, bundan sonra isə tələsik seçkilər keçirildi", Şarmazanov bildirib.
Onun sözlərinə görə, dekabrın 9-da anti-demokratik seçkilər keçirilib:
“Biz icma rəhbərlərinə qarşı təhdidlərlə dolu, qorxu və dözümsüzlük mühitində baş vermiş seçkiqabağı kampaniyaya şahidlik etdik. İndi Ermənistanda müxalifətin olmadığı bir parlament formalaşacaq. İki partiyanın nə qədər müxalifət olduqlarını bəyan etmələrinə baxmayaraq, bu məsələdə Tiqran Avinyan daha haqlıdır, onların fraksiyasında 88 nəfər var və real müxalifət problemləri olmayacaq, çünki müxalifət fraksiyanın tərkibində yarana bilər”.
Şarmazanov Ermənistan hakimiyyətinin xarici siyasət sahəsində də ciddi problemləri olduğunu əlavə edib:
"Nikol Paşinyanın “masa tostları” səviyyəsində verdiyi vədlərə, hər şeyin yaxşı olduğunu və Ermənistanın KTMT baş katibi vəzifəsini müddət bitənə qədər saxlayacağını söyləməsinə baxmayaraq, Ermənistan baş katib vəzifəsini itirdi və bu, bir faktdır".
O qeyd edib ki, hər şey, həmçinin Ermənistan-Rusiya münasibətləri də rəvan deyil: "İqtisadi vəziyyətlə əlaqədar da narahatlıq var, iqtisadiyyat durğunluq içindədir. Yeni ildən sonra minlərlə vətəndaş işsiz qalacaq. Faktiki olaraq bizim mədəniyyət, diaspora nazirliklərimiz olmayacaq, bu, çox təhlükəli bir siyasətdir. Elə bir sahə yoxdur ki, hazırkı hakimiyyət orada uğur qazansın.
Mən yaxşı bir şey görmürəm: nazirliklər ixtisar edilir, işsizlərin sayı artmaqdadır, investisiyalar azalıb, biz KTMT baş katibinin vəzifəsini itiririk, Qarabağ münaqişəsinin həllində anlaşılmaz bir davranış var".
Şarmazanov deyib ki, partiyanın 2018-ci ildə uğursuzluğu onun hakimiyyətdən getməsi ilə bağlıdır:
“Ancaq 9 dekabrda biz yenidən doğulduq, bunu seçkilər zamanı aldığımız 60 min səs də sübut edir. 9 dekabr seçkiləri göstərdi ki, Respublka partiyası var, olub və olacaq və Ermənistanın əsas siyasi qüvvələrindən biri olaraq qalacaq, həmçinin gələcək parlamentdən kənar müxalifət respublikaçıların ətrafında birləşəcək".
P.Sultanova