Ermənistanda "Dro işi" üzrə ömürlük məhbus ölüb
Ermənistanda "Dro işi"nə görə günahlandırılaraq ömürlük həbs cəzası almış Armenak Mncoyan vəfat edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, 54 yaşlı Mncoyan 1995-ci ildə “Dro” işinə görə həbs edilib və barəsində ölüm hökmü çıxarılıb.
2003-cü ildə Ermənistan prezidentinin fərmanı ilə cəzası ömürlük həbslə əvəzlənib.
Sosial şəbəkədə bununla bağlı "Free Arsen Artzromi" qrupu açıqlama yayıb: “Biz hamımıza başsağlığı veririk. İtki böyükdür, əvəzolunmazdır. Ruhun şad olsun, qardaşım”.
Armenak Mncoyanın 3 yanvar səhər saatlarında vəziyyəti pisləşib. Onu ürəyində yaranmış kəskin problemlərlə bağlı xəstəxnaya yerləşdiriblər.
Qeyd edək ki, daha əvvəl Ermənistanın "Jurnalistlər insan hüquqları naminə" QHT-nin sədri Janna Aleksanyan hakimiyyətin məhkumlara qarşı münasibətini kəskin pisləyib. O bəyan edib ki, məhkumlara qarşı əvvəldən mövcud olan pis münasibət dəyişməyib.
Aleksanyan Nubaraşen həbsxanasında ömürlük həbs cəzası almış Armenak Mncoyanın səhhətinin kritik həddə çatdığını əlavə edib:
“Bu gün öyrəndim ki, ömürlük həbs cəzası almış Armenak Mncoyanın vəziyyəti pisləşib. Ermənistan həbsxanalarında yeganə və dəyişməz tibbi yardım ağrıkəsici inyeksiyaların tətbiq olunmasıdır. Təbii ki, bununla məhbusun vəziyyəti yaxşılaşmır. Təcili tibbi yardımın çağırılması və onun xəstəxanaya aparılması üçün bir saat vaxt getdi”.
P.Sultanova