Paşinyan Rusiyadan qaz tədarükü məsələsindəki uğursuzluğunu qəbul etmək istəmir
Ermənistan Rusiyadan qaz tədarükü ilə bağlı uzunmüddətli razılaşma əldə etmək üçün danışıqları davam etdirir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
O, qazın qiymətinin artmasının yeni hökumətin uğursuzluğu kimi şərh olunmasına da münasibət bildirib:
“Hansı uğursuzluq, siz hansı uğursuzluqdan danışırsınız? Biz uzunmüddətli razılaşma əldə etmək üçün danışıqları davam etdiririk. Biz qazın qiymətinə siyasi kontekstdən yanaşa bilmərik, danışıqları davam etdirəcəyik, öz fikirlərimizi bildirəcəyik və ölkəmizin maraqlarının müdafiəsi üçün nə lazımdırsa, edəcəyik”.
İran qazının tədarükünün mümkünlüyü barədə isə Paşinyan deyib ki, bu mövzu müzakirə olunub, konkret və faydalı təkliflər verilənə qədər müzakirələr davam edəcək.
Xatırladaq ki, dekabrın 31-də Nikol Paşinyan Rusiyadan alınan qazının qiymətinin dəyişdiriləcəyini, lakin əhalinin daxili tariflərinin eyni qalacağını bildirib.
"Qazprom" isə bəyan edib ki, 2019-cu il yanvarın 1-dən Ermənistana qaz tədarükümin kubmetr üçün 150 deyil, 165 dollar olacaq.
P.Sultanova