Avropa İttifaqı Yeqiazaryanın ölümünün düzgün araşdırılmasını gözləyir - BƏYANAT
Avropa İttifaqı Ermənistan hökumətindən həbsxanada aclıq aksiyası keçirdikdən sonra vəfat etmiş Mqer Yeqiazaryanın ölümünün düzgün araşdırılmasını təmin etməsini gözləyir.
1news.az xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyanciçin bəyanatında deyilir.
Onun sözlərinə görə, Aİ hər cür işgəncə və pis rəftarın qadağan edilməsi və insan ləyaqətinin qorunub saxlanması prinsiplərinə sadiqdir:
"Bu çərçivədə biz Ermənistan hökumətindən bu işin düzgün araşdırılmasını və araşdırmadan sonra müvafiq tədbirləri görməsini gözləyirik. Biz bu hadisə barədə məlumatlıyıq və Ermənistan hakimiyyətindən hərəkət gözləyirik".
Xatırladaq ki, yanvarın 26-da “Haynews” saytının rəhbərliyində təmsil olunan, həmçinin "Erməni qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini həbsdə keçirdiyi 44 günlük aclıq aksiyasından sonra ölüb.
P.Sultanova