Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramı imzalayıblar
Ermənistan və Gürcüstanın müdafiə nazirləri David Tonoyan və Levan İzoriya 2019-cu il üçün hərbi əməkdaşlıq haqqında proqram imzalayıblar.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İrəvanda nazirlərin birgə mətbuat konfransında məlumat verilib.
Sənəd Gürcüstanın müdafiə nazirnin Ermənistana ilk rəsmi səfəri çərçivəsində imzalanıb.
"Biz cənab İzoriyanın müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə dair mövqeyi ilə razıyıq. Və 2019-cu il üçün əməkdaşlıq planı imzaladıq", - deyə Tonoyan bildirib.
Xüsusilə, söhbət tibb işçilərinin,serjant heyətinin hazırlanmasından, hərbi təhsil və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıqdan gedir.
Tonoyan əlavə edib ki, Ermənistan və Gürcüstan bir-birinin milli təhlükəsizliyinin təmin olunmasına yönəlmiş prioritetləri və qərarlarını anlayır və hörmət edir, daha təhlükəsiz, daha firavan Cənubi Qafqaz ideyasına inanırlar.
Öz növbəsində İzoriya Yerevandakı danışıqların effektiv olduğunu bildirib. O, erməni tərəfinin Gürcüstandakı NATO təlimlərində iştiraka davam edəcəyinə ümid etdiyini bildirib.
P.Sultanova