Ermənistan mətbuatı Paşinyanın Brüsselə səfərini uğursuz hesab edir
Baş nazir Nikol Paşinyanın Brüsselə səfəri uğursuz olub.
1news.az xəbər verir ki, “Past” nəşri səfərin gözlənildiyindən daha monoton olduğunu yazıb.
"Söhbət ondan gedir ki, Avropa siyasi elitası may seçkilərinə hazırlaşır, bütün partiyalar və siyasətçilər öz güclərini seçki proseslərinə hazırlıq üzərində cəmləşdiriblər. Digər tərəfdən, Avropa Komissiyası öz fəaliyyətlərini ümumiləşdirir, Avropa parlamentariləri isə seçki kampaniyası ilə məşğul olurlar.
Buna görə hətta hökumət dairələrində belə düşünürlər ki, xüsusilə, çox ciddi bir gündəliyin və sənədlər paketinin müzakirə edilməsinə ehtiyac olmadığı üçün bu, Brüsselə səfər etmək üçün doğru vaxt deyildir", deyə nəşr yazıb.
Qeyd edilib ki, 2013-cü ildə Aİ ilə Assosiasiya sazişinin hazırlıq mərhələsində mühüm rol oynayan və müəyyən əlaqələrə malik olan hazırkı xarici işlər naziri Zohrab Mnatsakanyan yerində bu vəziyyətdən çıxmağa çalışıb.
"Bu səfər Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Paşinyanın ötən il iyun ayında Brüsselə səfəri inqilabın "təravəti" nəzərə alınaraq uğurlu hesab oluna bilərdi. Doqquz aydan sonra isə avropalı rəsmilərdə bəzi soyuqluqlar və narahatlıqlar müşahidə olunur. Narahatlıq isə Paşinyanın Aİ-Ermənistan razılaşmasının reallaşdırılması üçün heç bir əhəmiyyətli addımlar atmamsı ilə bağlıdır”, deyə "Past" əlavə edib.
P.Sultanova