Politoloq: Rusiya ABŞ-a qarşı yeni hücum strategiyasını reallaşdırır

ABŞ əleyhinə yeni güc mərkəzi təsis edildi. Dünyada yeni güc mərkəzinin bünövrəsi qoyuldu. Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan Xİ nazirlərinin görüşü keçirildi.
Görüş Çin Xİ naziri Van İnın verdiyi məlumata görə 3 ölkənin liderinin təlimatları əsasında keçirilir və Rusiya-Çin-Hindistan (RÇH) formatı yaradılır. Onlar çoxtərəfliliyi və beynəlxalq sistemi müdafiə edəcəklər, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalacaqlarını bildirdilər. Yeni güc mərkəzini yaratmaqda əsas məqsəd dünyadakı böhranların həllində, aradan qalxmasında aktiv rol oynamaqdır. Bu vaxtadək RF və Çin ikisi birlikdə ABŞ-a qarşı görünür uğurlu koalisiya təşkil edə bilməyiblər. İndi Hindistanı da bura qoşurlar. Hindistanın qoşulması ilə vəziyyət yeni keyfiyyət mərhələsinə daxil olur. Çünki Hindistan bu vaxtadək ABŞ-ın təsir zonası hesab edilirdi. Hindistan artıq Çin tərəfindən problem yaradılmayacağına dair təminat alır və hər 3 ölkənin bir-biri ilə hərbi, iqtisadi əlaqələri kifayət qədər (hər 3 dövlət üçün) özünü təmin edən vəziyyət yaradacaqdır.
Rusiya ABŞ-a qarşı yeni hücum strategiyasını reallaşdırır
RF Xİ naziri S.Lavrov ABŞ prezidenti D.Trampın KXDR lideri Kim Çen Inla Vyetnamda görüşü ərəfəsində Hanoyda oldu. ABŞ və KXDR liderlərinin görüşünün hazırlanmasında Rusiyanın iştirak etdiyini bildirdi. Həm ABŞ tərəfi, həm də KXDR tərəfi Rusiyaya müraciət ediblər və Rusiya bu görüşün təşkilində iştirak edib. Başqa sözlə, ABŞ-ın KXDR-lə əldə edə biləcəyi uğura bəri başdan Rusiya şərikliyini ortalığa qoydu.
Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan yeni, antiamerikan güc mərkəzi yaratdılar.
RF Venesuela məsələsində ABŞ-ın planını pozmaq iradəsini nümayiş etdirir. Hələ ki, Karakasın ona hərbi qüvvə üçün müraciət etmədiyini bildirir. Amma bu fonda RF Xİ naziri S.Lavrov ABŞ Dövlət Katibi M.Pompeo ilə danışıqlarda onu Venesuelaya qarşı hər cür hərbi əməliyyatlardan çəkinməyə çağırdı.
V.Putin ABŞ-ın “Orta və Yaxın Mənzilli Raketlərin Məhdudlaşdırılması” müqaviləsindən çıxmasına cavab olaraq öz hökumətini bu mövzuda ABŞ-la danışıqlara təşəbbüs göstərməyi qadağan etdi. Hadisələrin əsas ağırlıq mərkəzini yenidən hərbi müstəviyə keçirdi. V.Putin Rusiya Federal Şurasına müraciətində yeni silahlar barədə daha çox məlumat verdi.
ABŞ da Rusiyaya qarşı fəaliyyətini gücləndirir və ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində ciddi dəyişiklik yoxdur. Hərbi cəhətdən ABŞ Rusiyaya qarşı aktivliyini artırıb. Qara dənizə ABŞ və NATO hərbi gəmiləri daxil olur, artıq bu hərbi gəmiləri Rusiya təhlükə kimi qəbul edir və izləyir. Krım üzərində ABŞ-ın hərbi kəşfiyyat təyyarələri bir neçə uçuşlar ediblər.
M.Pompeo Rusiyanı Yaxın Şərq regionunda güclənəcəyinə ABŞ-ın imkan verməyəcəyini bildirdi. Eləcə də Pompeo Rusiyanın qazını siyasi silah adlandırdı. Bu onu göstərir ki, ABŞ təkcə Yaxın Şərq regionunda deyil, həm də Aİ məkanında da Rusiyaya qarşı mübarizəsini davam etdirəcəkdir. S.Lavrov Rusiyanın sərhədlərində ABŞ və NATO qoşunlarının hədsiz dərəcədə çox toplanmasını bildirdi. Lavrovun fikrincə, Amerikanın mentor -müəllim kimi öyrətmək metodikası Rusiya tərəfindən qəbul olunmayacaq.
Türkmənistanın Azərbaycan vasitəsilə Avropaya qaz satması mövzusunda kifayət qədər ciddi dinamika yaranıb.
Türkmənistanda səfərdə olan RF Xİ naziri S.Lavrovu Türkmənistan baş nazirinin müavini, Xİ naziri R.Meredov qəbul edərkən ölkəsinin Rusiya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi. S.Lavrov prezident Q.Berdıməhəmmədovla daha çox 2 məsələ-qaz problemi və Xəzər məsələləri müzakirə olundu. Lavrov qaz məsələsi üzrə “Qazprom”la Türkmənistan arasında gedən danışıqlardan prezident Q.Berdıməhəmmədovun razı olduğunu bildirdi. Yanvarın 1-dən etibarən “Qazprom” ümumiyyətlə Türkmənistandan qaz almalı idi. Türkmənistanın Rusiyaya qaz satmağa ciddi ehtiyacı var. Görünür, Xəzər məsələlərinə görə “Qazprom” Türkmənistandan hələ bu günədək qaz almayıb. “Qazprom”un bu qərarı siyasi qərardır və Xəzər dənizi vasitəsilə Türkmənistanın Avropaya qaz nəql etmək qərarından asılıdır.
Türkmənistanın Azərbaycan vasitəsilə Avropaya qaz satması mövzusunda kifayət qədər ciddi dinamika yaranıb. Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ottinger Bakıda “Cənubi qaz koridoru” üzrə keçirilən müşavirədə Türkmənistana qazını Azərbaycan ərazisi vasitəsilə Aİ məkanına çatdırmağı yenidən təklif etdi. G.Ottinger indi büdcə və insan resursları üzrə komissar olsa da uzun müddət AI-nin enerji məsələləri üzrə komissarı işləyib.
Almaniya-Türkmənistan biznes forumu keçirildi. Həm biznes forum, həm sərginin Almaniya ərazisində keçirilməsinə baxmayaraq türkmən tərəfi bu biznes forum və sərgidə özlərini ev sahibi kimi aparıb, almanlara xüsusi mehribanlıq göstərirdilər. Biznes forumda da ən əsas müzakirə olunan məsələlərdən biri Almaniyanın Türkmənistandan qaz almaq məsələsi idi. Almaniyanın ortalığa qoyduğu variant daha realdır. Almaniya hal-hazırda mümkün imkanlar vasitəsilə qaz almaq istəyir. Alman mütəxəssislərinin hesablamalarına görə (ehtimal ki, azərbaycanlı mütəxəssislər də bu hesablamalarda iştirak edib) cüzi yenidənqurma işləri görməklə Türkmənistandan hər il 6 milyard m3 qazı Azərbaycan ərazisi vasitəsilə Aİ-yə ötürmək mümkündür. Görünür, onlar Xəzər dənizində Azərbaycan və Türkmənistanın qaz infrastrukturlarının yaxınlığını nəzərdə tuturlar. Belə hesablamalar əvvəldən də mövcud idi. Xəzər dənizində suyun altındakı Türkmənistanın qaz kəmərlərini Azərbaycanın qaz kəmərlərinə birləşdirməklə qazı Azərbaycan tərəfə keçirmək mümkündür. O baxımdan kifayət qədər ciddi optimizmin yarandığını düşünmək olar.
Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni Türkmənistanda rəsmi səfərdə oldu və iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olundu. Strateji əməkdaşlıq müqaviləsi də daxil olmaqla təxminən 10-dan çox müqavilə imzalandı. İmzalanmış müqavilələr demək olar ki, bütün sahələri əhatə edir.
Türkmənistan Bəhreynlə birgə neft-qaz layihələri reallaşdırmağı müzakirə edir. Bu məqsədlə Bəhreyn krallığının nümayəndə heyəti Türkmənistana səfər etdi.
Türkmənistan aviakompaniyalarına Avropa səmasında uçmağı qadağan etdilər. Türkmənistanın avia parkı köhnədir. O hesaba görə Aİ öz səmasında belə uçuşları riskli hesab edir. ABŞ öz vətəndaşlarına Türkmənistanın aviakompaniyalarından istifadə etməyi qadağan etdi. “Türkmən Hava Yolları” kompaniyası öz sərnişinlərini Avropa ölkələrindən daşımaqdan ötrü Lütvanza aviakompaniyasının imkanlarından yararlanır.
Türkmənistanın Xəzər dənizi vasitəsilə neft nəqlinin miqdarı 2 dəfə aşağı düşüb. Səbəb treyderin və marşrutun dəyişdirilməsidir. Əvvəllər türkmən nefti SOCAR (ARDNŞ) treyderinin vasitəçiliyi ilə daşınırdı. Sonradan türkmən tərəfi İsveçrənin Vitol kompaniyası ilə müqavilə bağladı və Vitol kompaniyası Mahaçkala (RF) limanı vasitəsi ilə türkmən neftini daşıdı. Vitol kompaniyasının daşımaq üçün tankeri olmadığına görə problem yaranıb. Xəzərdə ən böyük tanker resursuna SOCAR (ARDNŞ) malikdir. SOCAR-da bu məsələdə Vitolu rəqib hesab etdiyi üçün ona tanker vermədi.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq