Bakıda Qazaxıstanın tanınmış sənət adamları ilə görüş keçirilib - FOTO

Azərbaycan Milli Konservatoriyasında Qazaxıstanın məşhur bəstəkarı, bu ölkənin əməkdar incəsənət xadimi Toleqen Muhamedcanov və xalq artisti Nurcamal Usenbayeva yaradıcılıq görüşü keçirilib.
1news.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istindala xəbər veri ki, tədbirdə bu ölkənin Bakıdakı səfiri Beybit İsabaev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, səfirliyin diplomatları, konservatoriyanın müəllim və tələbələri, yaradıcı ziyalılar, media nümayəndələri, Qazaxıstanın "Dostlar klubu" üzvləri iştirak ediblər.
Qonaqları ictimaiyyətə təqdim edən rektor S.Kərimi onların Qazaxıstanın musiqi sənətinin inkişafında və təbliğində böyük töhfələrini qeyd edib. O deyib ki, görüş tələbələrə və müəllimlərə tanınmış bir ailənin yaradıcılıq fəaliyyəti ilə daha yaxşı tanış olmalarına, bu istiqamətdə təcrübələrin öyrənilməsinə imkan verəcək.
Öz növbəsində, Qazaxıstanın səfiri B.İsabayev bildirib ki, T.Muhamedcanov və N.Usenbayevanın yalnız Qazaxıstanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tanınırlar.
Onun sözlərinə görə, yaradıcılıq görüşünün keçirilməsi iki ölkə arasında mədəni və musiqili əlaqələrin daha da möhkəmləndirilməsinə kömək edir. B.İsabayev Prezident Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi" və "Böyük Çölün Yeddi tərəfi" adlı proqram xarakterli məqalələrində qarşıya qoyulmuş məqsədlər nəzərə alınaraq tədbirin vacibliyini vurğulayıb.
Sonda, yaradıcılıq tədbirinin təşkili üçün Milli Konservatoriyanın rəhbərliyinə təşəkkür edib.
Görüşdə Azərbaycan ictimaiyyəti Qazaxıstanın incəsənət xadimləri ilə danışmaq və onlara suallar vermək üçün yaxşı bir fürsət əldə ediblər. Söhbət zamanı Qazaxıstandan olan bəstəkar və xalq artisti maraqlı həyatı xatirələrini, Bakı ilə bağlı təəssüratlarını bölüşüblər, həmçinin yaradıcılıq fəaliyyəti haqqında danışıblar.
Tədbirdə xalq artisti N.Usenbayeva bir sıra əsərlər ifa edib.
P.Sultanova