“Sabah” klubunun Müşahidə Şurasının iclası keçirilib – FOTO
“Sabah” FK-nın Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
1news.az-ın məlumatına görə, “Bridge Plaza”da baş tutan iclasda MŞ-nın üzvləri – Firudin Qurbanov, Rüfət Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev və Yaqub Hüseynov, həmçinin klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.
İclasa giriş sözü ilə başlayan Maqsud Adıgözəlov komandanın cari mövsümkü çıxışı, klubun transfer siyasəti, ictimaiyyətlə əlaqələr, akademiya, aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən yarışlarda göstərdiyi nəticələr və gələcək hədəfləri barədə ətraflı məlumat verib.
Daha sonra MŞ-nın üzvləri komandanın nəticələri barədə fikirlərini bildiriblər.
MŞ-nın sədri Firudin Qurbanov çıxışı zamanı “Sabah”ın peşəkar komanda kimi ilk oyununu stadiondan izlədiyini xatırladıb:
“Mən “Sabah”ın ilk oyununda olmuşam. Həmin qarşılaşmada 1:0 hesabıyla qalib gəlmişdik. Oyundan sonra paltardəyişmə otağına gedərək, futbolçulara təşəkkür etdim. Onlara “sizin bu qələbəniz “Sabah”a ümid verdi” dedim. “Sabah” Premyer Liqada ilk mövsümünü keçirir. Bu amili nəzərə alanda, komandanın hazırda qərarlaşdığı mövqe, göstərdiyi nəticələr çox yaxşıdı. Bundan əlavə, klubda təşkilatçılıq da yüksək səviyyədə qurulub. Klubun qısa müddətdə bu cür nəticə göstərməsi sevindiricidir”.
Daha sonra MŞ-nın digər üzvləri də çıxış edərək, komandanın cari mövsümdə qazandığı nəticələri qənaətbəxş hesab etdiklərini dedilər. Bundan əlavə, MŞ-nın üzvləri klub prezidenti Adıgözəlova “Sabah” FK ilə bağlı suallarını ünvanlamaqla yanaşı, öz məsləhətlərini də verdilər.
Sonda klub prezidenti Maqsud Adıgözəlov gələcəkdə bu cür görüşlərin tez-tez baş tutmasını arzuladığını, MŞ-nın üzvlərinin bundan sonra da klubun inkişafı istiqamətində öz məsləhətlərini əsirgəməyəcəklərinə ümid etdiyini bildirdi.
1news.az