Elmar Məmmədyarov V Dünya Mədəniyyətlərarası Forumunda çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov V Dünya Mədəniyyətlərarası Forumunda çıxış edib

14:16 - 03 / 05 / 2019
Elmar Məmmədyarov V Dünya Mədəniyyətlərarası Forumunda çıxış edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Forumun “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda panel müzakirələrinin açılışında çıxış edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Qoşulmama Hərəkatı üzv ölkələrinin təşəbbüsü ilə 2018-ci ilin 12 dekabr tarixində BMT Baş Assambleyasının “24 Aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnamənin qəbul edildiyini qeyd edən nazir Elmar Məmmədyarov bəşəriyyətin davamlı sülh məqsədinə nail olunmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayan bu qətnamənin həm-müəllifləri sırasında Azərbaycanın da yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Nazir bu təşəbbüsün dünyada çoxtərəflilik səylərinin həll edilməmiş münaqişələr, iqlim dəyişikliyi, artmaqda olan qeyri-bərabərlik, dözümsüzlük və digər təhdidlərin təsiri altında olduğu bir vaxtda irəli sürüldüyünü vurğulayaraq, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanılmasının BMT-nin üç mühüm pilləsi olan sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi baxımından mühüm rol oynadığını qeyd etdi.

Çoxtərəfliliyin suveren dövlətlərin təklikdə həll edə bilmədikləri, təhlükəsizlik və inkişafa olan təhdidləri cavablandırmaq imkanını verdiyi və dialoqun davamlı sülhə nail olmaq üçün ən vacib alət olduğu Nazir tərəfindən qeyd edildi.

Nazir Elmar Məmmədyarov sülhün müxtəlif təhdidlərlə, ələxüsus həll edilməmiş münaqişələrlə üzləşdiyi dünyada sülh diplomatiyasının əhəmiyyətindən ətraflı bəhs etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə toxunaraq bunun bölgəmizdə davamlı sülhə və inkişafa təhlükə törətdiyini xüsusilə vurğuladı. Nazir Elmar Məmmədyarov regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulmasının, işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.

Həmçinin çıxışı zamanı BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə diqqəti cəlb edən nazir Elmar Məmmədyarov sözügedən sənədlərdə qeyd olunmuş prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini diqqətə çatdırdı.

Daha sonra “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” paneli digər natiqlərin çıxışları və müzakirələrlə davam etdi.

S.Xankişiyeva

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər